AZ

NYT: ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə çılpaq qızların fotolarını senzurasız yayımlayıb...

Qalmaqallı materiallar qurbanların təhlükəsizliyi və etik normalarla bağlı kəskin tənqidlərə səbəb olub...

ABŞ Ədliyyə Nazirliyi (DOJ) maliyyəçi Ceffri Epşteynin işi üzrə dərc etdiyi materiallar arasında onlarla senzurasız foto yerləşdirib.

Poliqon xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, nazirliyin rəsmi saytında 40-a yaxın kadr dərc olunub. Fotolarda insanların üzləri bulanıqlaşdırılmayıb və ya örtülməyib. Kadrların Epşteynə məxsus adada, onun yataq otaqlarında və digər şəxsi məkanlarında çəkildiyi bildirilir. Jurnalistlərin məlumatına əsasən, şəkillərdə əks olunan şəxslərdən bəzilərinin yetkinlik yaşına çatmadığı ehtimal edilir.

NYT ilə söhbət edən hüquqşünaslar ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarını ciddi səhlənkarlıqda ittiham ediblər. Onların fikrincə, açıq-saçıq görüntülər dərc olunmazdan əvvəl mütləq redaktə edilməli, qurbanların tanınmasına imkan verən bütün detallara senzura tətbiq olunmalı idi. Vəkillər xüsusilə vurğulayıblar ki, ümumilikdə təxminən 180 min şəkil arasında Epşteynin mümkün cinayətlərində adı hallanan məşhur şəxslərin adları diqqətlə gizlədildiyi halda, qurbanlara aid fotolar senzurasız ictimaiyyətə təqdim olunub.

Qəzet qeyd edir ki, etik normalara uyğun olmayan bu görüntülərin əksəriyyəti sonradan nazirliyin saytından silinib. Bununla belə, hadisə ABŞ-da hüquq-mühafizə orqanlarının həssas materiallarla davranışı və qurbanların məxfiliyinin qorunması məsələsini yenidən gündəmə gətirib.

Xatırladaq ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə 3 milyondan çox səhifəlik materialın dərc olunduğunu açıqlayıb. Yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə və seks ticarətində ittiham olunan Epşteynlə bağlı sənədlərdə müxtəlif siyasi və ictimai fiqurların adları çəkilir. Dərc edilən materiallarda Fransa prezidenti Emmanuel Makronun da adı keçir. Sənədlərə əsasən, onun 2016-cı ildən etibarən Epşteynlə vasitəçi üzərindən gizli yazışmalar apardığı iddia olunur. Rəsmi Paris bu iddialara münasibət bildirməyib.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr