AZ

Kişi arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı, onu xüsusi amansızlıqla öldürmək istədi – İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən Cabbar Quluzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 06 yanvar 2025-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən evlərin birinin həyətində qeydə alınıb.


Belə ki, Cabbar Quluzadə arvadı, 2000-ci il təvəllüdlü, zərərçəkmiş Fəridə Quluzadə (adı, soyadı şərtidir) ilə ailə münasibətləri zəminində aralarında mübahisə yaranıb. Bu zaman o, xüsusilə ağır cinayət əməlinə yol verib.


Müəyyən edilib ki, təqsirləndirilən şəxs arvadının mobil telefonunda yad kişiyə aid fotoşəkil görüntüsünü aşkar edib. Sonra Cabbar bundan hiddətlənərək ondan qisas almaq və qəsdən öldürmək qərarına gəlib. Bu niyyətlə üzərində gəzdirdiyi bıçaqla qadına yaxın qohumlarının, birgə nikahdan doğulmuş azyaşlı övladının, eləcə də arvadının bacısının gözü qarşısında qəflətən hücum edib. Cabbar mətbəx bıçağı ilə Fəridəyə ardıcıl zərbələr endirib. Nəticədə təqsirləndirilən şəxs zərərçəkmişə həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirib. Bu xəsarətlər ölümlə birbaşa səbəbli əlaqədə olan, həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.


Cinayətin başa çatdırılmasına arvadının bacısının vaxtında müdaxiləsi mane olub. Eyni zamanda zərərçəkmiş şəxs dərhal xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub. Bu səbəbdən Cabbar qəsdən etdiyi cinayətkar niyyətini öz iradəsindən asılı olmayan hallara görə sona çatdıra bilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələrində nəzərdə tutulan cinayətini törətməkdə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Cabbar Quluzadəyə 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmünün ləğv edilməsini, iş üzrə təkrar məhkəmə-psixiatrik və nevroloji ekspertiza təyin edilməsini, hadisənin subyektiv tərəfi və psixoloji vəziyyət elmi əsaslarla qiymətləndirilməsini, onun əməlinin CM-nin 122-ci maddəsinə tövsif edilməsini, bu mümkün olmadığı halda CM-nin 126.1 maddəsinə tövsif edilməsini, ədalətli qərar qəbul edilməsini xahiş edib.



Kamal Məmmədov 

Tarix: 2 Fevral 2026, 09:31   
Seçilən
21
2
pravda.az

3Mənbələr