ABŞ Prezidenti Donald Tramp Hindistanın İran əvəzinə Venesueladan neft alacağını, Çin üçün də bu istiqamətdə qapının açıq olduğunu bildirib.
Marja xəbər verir ki, Tramp Florida ştatına səfəri zamanı “Air Force One” təyyarəsində ABŞ-ın qlobal enerji siyasəti çərçivəsində Venesuela nefti ilə bağlı açıqlamalar verib.
“Hindistan İran əvəzinə Venesueladan neft alacaq”, – deyən Tramp bu mövzuda razılaşmanın artıq formalaşdırıldığını qeyd edib.
Tramp Venesuela nefti məsələsində Çin üçün də qapının açıq olduğunu vurğulayıb.
Kuba ilə danışıqlara başladıqlarını bildirən Tramp deyib: “Məncə, onlar bizim yanımıza gələcək və razılaşma etmək istəyəcəklər. Beləliklə, Kuba yenidən azad olacaq.”
İranla bağlı yekun qərar verib-vermədiyi barədə suala Tramp bölgədə güclü hərbi qüvvələrin mövcud olduğunu vurğulayaraq cavab verib.
“Bunu qəti şəkildə deyə bilmərəm, amma ora doğru irəliləyən çox böyük və güclü gəmilərimiz var. Ümid edirəm ki, qəbul edilə bilən bir məsələ üzərində danışıqlar aparacaqlar”, – deyə Tramp bildirib və İranın nüvə silahı əldə etməməli olduğunu qeyd edib.
Tramp əlavə edib: “Nüvə silahlarının olmadığı, hər kəs üçün qənaətbəxş bir razılaşma əldə oluna bilər və bunu etməlidirlər. Amma bunu edib-etməyəcəklərini bilmirəm. Lakin bizimlə danışırlar. Bizimlə ciddi şəkildə danışıqlar aparırlar.”