AZ

Azərbaycan dövlətinin gənclər siyasəti:Müasir və uğurlu model

Gənclərimiz Ulu Öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 29 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər

Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, deyən  dövlət başçısı tərəfindən ötən müddət ərzində bu istiqamətdə çoxlu sayda Dövlət proqramları və İnkişaf strategiyaları qəbul edilmişdir. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Ölkə başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Dövlət proqramları nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşdur. Bütün bunlar isə Azərbaycanın gələcəyinə xidmət edən mühüm sərmayə hesab edilməlidir. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə Prezidentin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam, 2007-ci ilin “Gənclər İli” elan edilməsi,  2011-ci ildə Gənclər Fondu yaradılması və  2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması gənclərə ölkə Prezidentinin növbəti qayğısı oldu. Gənclər siyasətinin davamı olaraq 2005-ci il ildə IV, 2008-ci ildə V, 2011-ci ildə VI, 2014-cü ildə VII, 2018 və nəyahət, 2020-ci illərdə VIII-IX Azərbaycan Gənclər Formu, həmçinin 2 fevral 2022-ci ildə keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu Azərbaycanın qlobal dialoqlar və beynəlxalq əməkdaşlıq üçün mühüm mərkəz olduğunu bir daha sübut etmişdir.

Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Xüsusilə gənclərimizin yüksək vətənpərvərlik ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur... Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva gənclərin sosial inkişafı, təhsil və humanitar sahələrdə fəaliyyətinə xüsusi diqqət yetirir. Mehriban xanımın təşəbbüsləri, əsasən Heydər Əliyev Fondu çərçivəsində həyata keçirilir və gənclərin yalnız bilik və bacarıqlarının artırılmasına deyil, həm də onların milli-mənəvi və əxlaqi dəyərlərlə inteqrasiyasına xidmət edir. Bu yanaşma gəncliyi ictimai-mənəvi və intellektual subyekt kimi dövlətçilik fəlsəfəsinin canlı daşıyıcısına çevrilməsini təmin edir. Mehriban xanım Əliyevanın baxışına görə, gənclər cəmiyyətin mənəvi və intellektual sütunu, dövlətin sosial rifahının və davamlı inkişafının əsas təminatçısıdır. Onun siyasətində gənclərin inkişafı yalnız akademik bilik və praktik bacarıqlarla məhdudlaşmır, eyni zamanda onların humanitar, mədəni və etik sahədə yetişməsi əsas prioritet təşkil edir. Bu, gəncliyin milli identikliyi qorumaqla müasir dünyagörüşünə malik nəsil kimi formalaşmasına şərait yaradır. Heydər Əliyev Fondunun təşəbbüsləri gənclərin beynəlxalq forumlarda iştirakı, təhsil, idman və mədəni layihələrin dəstəklənməsi, sosial təşəbbüslərin həyata keçirilməsi ilə gənclərin yalnız praktik bacarıqlarını artırmaqla kifayətlənmir, onların strateji düşüncə və liderlik qabiliyyətlərini, həmçinin ictimai fəallığını daha da inkişaf etdirir.

Beləliklə 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərin ölkənin sosial-iqtisadi inkişafında, dövlət quruculuğunda və milli təhlükəsizliyin təminində mühüm rolunu bir daha nümayiş etdirir. Bu gün gənclərə olan etimadın, dövlət qayğısının və gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir. Azərbaycan gəncliyinin bu gün də, gələcəkdə də dövlətimizin etibarlı dayağı olacağı, ölkəmizin daha da inkişaf etməsi naminə öz bilik və bacarığını əsirgəməyəcəyi şübhəsizdir.

Sevinc Azadi, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr