AZ

Tramp BMT-ni müdafiəsinə qalxıb və qurumun qərargahının Nyu-Yorkdan çıxarılmasını istisna edib

ABŞ prezidenti təşkilatın böyük potensiala malik olduğunu vurğuladı və maliyyə probleminin asanlıqla həll edilə biləcəyini dedi...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Politico nəşrinə müsahibəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahının Nyu-Yorkdan köçürülməsi ehtimalını qəti şəkildə istisna edib. Tramp bildirib ki, ABŞ-nin BMT qarşısında öhdəliklərini tam yerinə yetirib-yetirmədiyi barədə dəqiq məlumata malik deyil.

Bununla belə, o, əminliklə qeyd edib ki, əgər BMT ona müraciət etsəydi, maliyyə problemini “çox asanlıqla” həll edə və digər ölkələri ödəniş etməyə məcbur edə bilərdi. Trampın sözlərinə görə, bunu NATO məsələsində etdiyi kimi həyata keçirmək mümkündür. O deyib ki, sadəcə həmin ölkələrə zəng etmək kifayətdir və onlar bir neçə dəqiqə ərzində çekləri göndərərdilər.

Donald Trampın bu açıqlaması The New York Times qəzetində dərc olunan və BMT-nin yüksəkvəzifəli rəsmilərinin təşkilatın maliyyə vəsaitinin tükənə biləcəyi, hətta bu səbəbdən fəaliyyətini azaltmaq və ya Nyu-Yorkdakı qərargahını bağlamaq məcburiyyətində qala biləcəyi barədə xəbərdən sonra səslənib.

ABŞ prezidenti isə bu fikri dərhal rədd edib. Onun sözlərinə görə, belə bir addım məqsədəuyğun deyil və BMT nə Nyu-Yorku, nə də ABŞ-ni tərk edəcək. Tramp vurğulayıb ki, BMT böyük potensiala malik bir qurumdur.

Eyni zamanda o, təşkilatın öz üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirmədiyini desə də, BMT-ni əvəzolunmaz institut kimi dəyərləndirib. Tramp qeyd edib ki, xüsusilə də onun özünün qlobal arenadakı rolu bir gün başa çatdıqdan sonra belə, BMT beynəlxalq sistem üçün vacib olaraq qalacaq.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr