AZ

Ayxan Abbasovun diqqət menyusu üçün…

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Şamaxı”nın “Qəbələ”yə 0:4 hesablı məğlubiyyətindən sonra belə bir məqalə dərc etmişdik.

Sonra “Şamaxı” “Qarabağ”ı məğlub edən “Kəpəz”ə qalib gəldi.

Və oyunsonrası mətbuat konfransında “şirlər”in baş məşqçisi Ayxan Abbasov belə fraza işlədib:

“…Uşaqlar çalışır. Bir oyun uduzandan sonra elə tənqidlər oldu ki, sanki, “Şamaxı” sonuncudur. Sanki burda iş yoxdur”.

Diqqət!

Abbasov bilməlidir ki, o, artıq həm də (!) milli komandanın baş məşqçisidir. “Şamaxı”dakı iş/nəticələr həmçinin “millinin çalışdırıcısı” kimi qiymətləndirməyə “materialdır”. Bu səbəbdən Abbasov tənqidlərə belə münasibət göstərməsə, doğru olar.

Həm də xal ehtiyatı baxımından böhran yaşayan “Qəbələ”yə 4 cavabsız qolla məğlubiyyət… Üstəlik, ondan əvvəlki tur “Araz Naxçıvan”a 2 cavabsız qolla yenilgi – Abasov, iki oyuna 6 qol buraxılır və tənqid olunmanız təəssüf yaradır?!

Nəticələrdən söhbət düşmüşkən, Abbasov da razılaşar ki, onun məşqçi kimi milliyə təyinatı nəticələrindən çox, “necə məşqçi”liyi səbəb olub.

Və bu təyinatda tənqidindən incidiyi futbol ictimaiyyətinin, idman mediasının rolu danılmazdır.

***

Sanki Abbasov “Şamaxı”nın liqada qalması müqabilində mənəvi təmənna umur. Ola bilər ki, klubun imkanları fonunda nəticələr qismən qənaətbəxş sayılsın, lakin yuxarıdakı mətləbi təkrirdən keçirməkdə fayda var: klubdakı işinin hər detalı milli komandakı Ayxan Abbasova da təsir edəcək və bu, çox normaldır. Liqada necəsə qalmaq yox, necə qalmaqdır mövzu…

“Bir futbolçunu qazandırmaq üçün illər lazımdır. Təəssüf ki, buna qiymət az verilir. Əsas nəticəyə baxılır”.

Əməlli-başlı inciklik. Gözlənilməz. Hələ dərinə getsən, minnət motivi də tapmaq olar.

Abbasovun milliyədək yüksəlməsində futbol camiəsi olaraq AFFA-ya pressinq unudulmamalıdır. Və uzun illər əcnəbi çalışdırıcılardan yaxa qurtarmaq üçün edilən cəhdlərin yekununda kifayət qədər yerli məşqçi namizədlərin içindən Abbasovun qabarması/qabardılması hansısa kabinetlərdə həll olunan məsələ deyil(di). Abbasov zəhmətkeşliyi, rasional xarakteri və adekvat mövqeyinə görə fərqləndirilib.

Hələ tənqidin ucu belə görünmür, bu təlaşdır?!

Əcnəbi baş məşqçilərin tuş gəldiyi tənqidlərin yarısının yarısının yarısı belə yoxdu ortada, Abbasov…

“Üzərində işlədiyimiz şeylər var. Bu gün Orucun, Edqarın, Rüfətin oyunu ortadadır. Bunu görə bilmiriksə, təəssüf…”

Zamanında bunu görənlər və artıqlaması ilə qabardanlardır sizin iki ardıcıl məğlubiyyətinizi tənqid edənlər. Təəssüflənməyə tələsmək lazım deyil…

“Bilirəm, məğlub olanda bu söhbət çıxır. Mən istirahət vaxtlarım da belə işləyirəm. Təhlillər aparanda, bəlkə də, daha dəqiq öyrənmək lazımdır”.

Bu sitat da Abbasovdan gözlənilən reaksiya olmadı. Milliyə baş məşqçi axtarılarkən, yenə əcnəbi dürtmək istəyənlərə qarşı yerli mütəxəssis üçün israr edən kəsim öz arqumentləriylə həmişəki kimi kəskin haqli idi. Ayxan Abbasovun namizədliyi ortaya çıxanda haqqında, “böhran dövrünün ən uğurlu meneceri” ifadəsini işlətmişik.

Hələ böhranın rüşeymi yoxkən Abbasovun arqumental/ortastatistik tənqidlərə qarşı bir mətbuat konfransında bir neçə dəfə təəssüflənməsi…

İnanaq ki, “böhran dövrünün uğurlu idarə edilməsi” tərifindəki Ayxan bəyi yenidən görəcəyik. Biz bu yönünə görə onu dəstəkləmişik, xırda tənqidlərə təəssüflənəni yox.

Elçin Cəlilov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
futbolpress.az

1Mənbələr