AZ

İtirilmiş imperiyalar Avropaya bu gün də necə təsir göstərir?

Kolonial dövr bitib, amma unudulmayıb...

The Economist nəşri

Təsəvvür edin ki, Avropanın vahid ordusu olsaydı, əhalisi ABŞ-ni ötən, zəngin bu qitə indiki kimi geosiyasi autsayder olaraq qalardımı? Çətin...

Almanlardan, polyaklardan və digər avropalılardan ibarət milyonlarla hərbçiyə söykənən birləşmiş silahlı qüvvələr Avropaya həm Rusiya revanşizmi qorxusundan, həm də Amerikanın onu yarı yolda qoya biləcəyi narahatlığından xilas olmaq imkanı verərdi.

Amma reallıq fərqlidir: Avropa İttifaqının 27 dövləti hələ də milli komandanlığa tabe olan 27 “bonsay-ordu” saxlayır və hər biri qonşusunun gördüyü işi təkrarlayır.

Halbuki hərbi məsələlərin sırf milli səlahiyyət sahəsi olması Avropa inteqrasiyasının ilkin planına daxil deyildi. 1952-ci ildə, sonradan Aİ-yə çevriləcək birliyin yaradılması zamanı imzalanan müqaviləyə əsasən Fransa, Almaniya, Niderland və digər ölkələr silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi ilə getdikcə daha sıx ittifaq qurmağa razılaşmışdılar. Alternativ bir tarix asanlıqla təsəvvür edilə bilər: tozsoranların gücünü tənzimlədiyi qədər inamla hərbi güc proyeksiya edən Avropa superdövləti.

Avropanın “sərt güc”ə yönəli bu dönüşü qaçırmasının əsas səbəblərindən biri bu gün də qitəni formalaşdıran amildir və bu, imperiya irsidir. 1954-cü ildə Fransa parlamenti vahid ordu haqqında müqaviləni ratifikasiya etməli olanda əsas problem üzə çıxdı. İkinci Dünya müharibəsindən cəmi bir neçə il sonra Marselin və ya Parisin müdafiəsinin qismən alman nəzarətində olacaq qüvvələrə həvalə edilməsi kifayət qədər qorxuducu idi. Amma daha böyük narahatlıq başqa idi: belə bir avroordunun Fransa koloniyalarını saxlamaq üçün “çirkli işi” görmək istəməyəcəyi qorxusu. Lüksemburqlu bir briqadir əlcəzairli dissidentləri yatırdarmı? Belçikalı bir əsgər Hind-Çin üsyançılarına atəş açarmı? Böyük ehtimalla yox. Fransa layihədən imtina etdi; Avropa tanklar əvəzinə kömür və poladın inteqrasiyasına yönəldi və təhlükəsizliyində bu günədək Amerikanın xoş niyyətinə arxalanır.

Avropanın bir vaxtlar böyük olan dövlətlərinin əksəriyyəti onilliklər əvvəl müstəqillik tələb edən dənizaşırı əraziləri ilə vidalaşıb. Amma qitənin kolonial keçmişi bu gün də saysız-hesabsız yollarla indiki zamana təsir edir. Təxminən bir əsr əvvəl, gücünün zirvəsində olan Fransa, Böyük Britaniya, Portuqaliya, Niderland və digər imperiyalar Avropadan kənarda planet əhalisinin üçdə birindən çoxunu idarə edirdi. Bu dövlətlərin bir çoxu sonradan xeyli kiçilmiş statuslarına uyğunlaşmaqda çətinlik çəkdi. Bəzən imperiyanın qalıqları xəbərlərdə üzə çıxır. Məsələn, bu yaxınlarda Danimarka və Qrenlandiya məsələsində olduğu kimi. “Onların 500 il əvvəl ora qayıqla çıxması bu torpağın onlara məxsus olduğu anlamına gəlmir”, deyə ABŞ prezidenti Donald Tramp bildirib. (Əslində bu, min ilə yaxın vaxt əvvəl olub.) İmperiyalar ölür, amma imperiya düşüncəsi bəzən yaşamaqda davam edir.

Kolonial dövrün ən davamlı mirası, yəqin ki, keçmiş əzəmət illüziyalarıdır. Xüsusən Qərbi Avropanın bəzi ölkələri hələ də özlərini qlobal güc kimi aparır, halbuki artıq regional aktor olduqlarını qəbul etmələri daha məntiqli olardı. Xəritələrdə hələ də uzaq ərazilər Avropa dövlətlərinin rənglərində göstərilir. Sakit okeandakı bir neçə qalan ərazi sayəsində Fransa bütün Hind–Sakit okean regionunda təsir göstərməyə çalışır. Bu isə Avropanın müdafiəsinə fokuslanmasını istəyən amerikalıları qıcıqlandırır. İtirilmiş güc ilğımı Böyük Britaniyaya daha ağır zərbə vurub. İmperiya ilə bağlar onu onilliklər boyu Aİ-dən kənarda saxladı, çünki ölkə ticarət imkanlarını keçmiş koloniyalarda axtarırdı. 2016-cı ildə Brexit tərəfdarları seçicilərə Britaniyanın ittifaqdan çıxıb Millətlər Birliyi ilə sərbəst ticarət edə biləcəyi bir dünya vəd etdilər. Təəssüf ki, buna inananlar oldu.

Əgər bu gün imperiya haradasa hiss olunursa, ən çox Madridin, Brüsselin və ya Londonun küçələrində hiss olunur. Koloniyalara sahib olmaq kütləvi miqrasiyanın yeganə şərti deyildi. Məsələn, Almaniya Türkiyədən işçi cəlb edirdi, halbuki aralarında kolonial bağ yox idi. Amma imperiya dil və ticarət kanalları yaratdı ki, bu da əlcəzairlilərin Fransaya, anqolalıların Portuqaliyaya, pakistanlıların Böyük Britaniyaya axınını asanlaşdırdı. Kütləvi miqrasiyanın əleyhdarları bunu “imperiyanın cavab zərbəsi” arzuolunmaz tarixi bumeranq kimi görür. Amma çox vaxt bu, xeyir gətirir. İspaniya iqtisadiyyatına işçi qüvvəsi lazım olanda çoxlu ispandilli venesuelalını qəbul etdi; kafe müştəriləri kortado sifariş edərkən ingilis dilinə keçməli olmadılar.

İmperiya yaddaşı cəmiyyətləri bu gün də bölə bilir. Bir parçalanma ölkələrin daxilindən keçir. Xüsusən sol üçün kolonial dövr utanc mənbəyidir. Emmanuel Makron 2017-ci ildə Fransa prezidentliyinə namizəd olarkən kolonizasiyanı “bəşəriyyətə qarşı cinayət” adlandırmışdı. Sağ isə repressiya və talanlardan danışmadan daha çox ucqar bölgələrdə tikilmiş dəmir yollarını, məktəbləri və kilsələri xatırlatmağı sevir. (Bəzi keçmiş müstəmləkəçi dövlətlər, o cümlədən Niderland üzr istəyib; daha çox hallarda isə qeyri-müəyyən “təəssüf” ifadələri işlədilir.)

Digər parçalanma imperiyası olan və olmayan Avropa ölkələrinin arasında gedir. Bəzən, səssizcə, keçmiş metropoliyalar hələ də eks-koloniyaları qeyri-rəsmi təsir dairəsinin bir hissəsi kimi görür. Qərbi Afrikanın böyük hissəsində keçmiş imperiya olan Fransa təhlükəsizliyin təmin edilməsi üçün (dəvətlə) ora qoşun göndərməyə, məsələn, İsveçdən daha meyllidir. Varşavada və Tallində — Kiyevdən danışmırıq belə — bu düşüncə Rusiyanın bir vaxtlar Ukraynanı və Mərkəzi Avropanın böyük hissəsini əhatə etmiş keçmiş imperiya məkanına dair iddialarını təhlükəli şəkildə xatırladır.

İmperiyanın hesablaşması

Keçmiş imperiya dövrünün Avropanın bu gün xatırlamalı olduğu dərslərindən biri odur ki, daha güclü bir dövlətin qurbanına çevrilmək nə qədər asandır. Əsrlər boyu Avropa dünyanı fəthlər yolu ilə formalaşdırıb. Bu gün isə getdikcə daha çox elə görünür ki, dünya Avropanı formalaşdırır. Qitənin Amerikanın “rəqəmsal koloniyası”na çevrildiyi barədə söhbətlər problemin miqyasını hətta kiçildir.

Donald Trampın irəli sürdüyü “kim güclüdürsə, o haqlıdır” geosiyasətinin qayıdışı avropalıların bir vaxtlar dünyanı taladığı dövrü xatırladır. Amma əgər imperiyalar dövrü həqiqətən geri qayıdırsa, bu dəfə işğal olunan tərəf məhz Avropa ola bilər.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr