Ümumiyyətlə, Azərbaycan dövləti gənclərin hərtərəfli inkişafı – həm şəxsi inkişafı, həm də təhsil və peşəkar bacarıqlarının formalaşması istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir. Bu sahədə bir sıra dövlət proqramları mövcuddur. Buna misal olaraq “Azərbaycan gəncliyi”, dövlət proqramları, eləcə də Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı proqramları göstərmək olar.
Bu sözləri "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda gənclər siyasətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu siyasət yalnız bir mərkəzi icra hakimiyyəti orqanı tərəfindən deyil, bütün dövlət qurumları tərəfindən həyata keçirilir. Bir çox ölkələrdə bu sahə Gənclər və İdman Nazirliyi və ya Gənclər, Təhsil və İdman Nazirliyi kimi qurumlar vasitəsilə icra olunur. Azərbaycanda da Gənclər və İdman Nazirliyi bu sahədə əsas mərkəzi icra hakimiyyəti orqanıdır. Bununla yanaşı, digər dövlət qurumlarının da gənclərlə bağlı fəaliyyət istiqamətləri mövcuddur:
"Xüsusilə Gənclər Fondu gənclərin və gənclər təşkilatlarının ideyalarının reallaşdırılması istiqamətində geniş imkanlar yaradır. Könüllülük fəaliyyəti və müxtəlif layihələr gənclərin cəmiyyətə inteqrasiyasına və fəallığının artmasına xidmət edir. Digər nazirlik və qurumlar da öz fəaliyyət sahələrinə uyğun olaraq gənclərlə bağlı proqramlar həyata keçirirlər".