AZ

Bölgə klubu ilə fırtına kimi başladı - Əcnəbi mütəxəssis nələri dəyişdi?

"Qəbələ" mövsümün ikinci yarısına fırtına kimi başlayıb.

İki oyun və iki qələbə.

Əslində bölgə klubu mövsümün birinci yarısında da oyunu ilə göz oxşayırdı.

Sadəcə nəticələr arzuolunan deyildi.

Əsas problem isə ön xəttin dişsiz görünməsi idi.

Biz də dəfələrlə dilə gətirmişdik ki, Kaxaber Tsxadadze fasilədə bu problemə əncam çəkə bilsə, vəziyyət bir xeyli yaxşılaşa bilər.

Görünən odur ki, gürcüstanlı mütəxəssis üzərinə düşən işin öhdəsindən artıqlaması ilə gələ bilib.

Hər halda iki görüşdə vurulan 7 qol bundan xəbər verir.

"Şamaxı" 4 cavabsız qolla məğlub edildisə, "İmişli"ni dramatik keçən oyunun sonunda (3:2) xalsız qoymaq mümkün oldu.

Halbuki "qırmızı qaralar" qışa qədər ki, 16 turda "Kəpəz"lə görüş xaric (3:0) heç bir oyunda iki topdan artıq vura bilməmişdi. Ümumiyyətlə, digər 15 oyunda cəmi səkkiz dəfə Kaxaber Tsxadadze və yetirmləri qola sevinə bilmişdi.

Demək olar eyni qolu fasilədən sonra iki matça sığdırmaq mümkün olub.

Məğlub olduğu görüşlər minimal hesablarla qeydə alınırdı.

Bir sözlə, üçüncü zona məhsuldarlığını qoruyub saxlaya bilsə, qələbələrin davamı qarşıdakı turlarda da gələcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
27
sportinfo.az

1Mənbələr