AZ

İranda partlayışları kim törədir?  – ŞOK SSENARİ

İranın müxtəlif bölgələrində demək olar ki, eyni vaxtda baş verən partlayışlar rəsmi şəxslərin açıqlamalarına baxmayaraq, məişət hadisələri zəncirinə yox, daha çox əlaqələndirilmiş diversiya aktlarına bənzəyir.

Bu fikri iranşünas analitik Mixail Krutixin ABŞ-ın Tehrana təzyiqlərinin artdığı bir vaxtda The Breakfast Show YouTube kanalının efirində səsləndirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, İran hakimiyyətinin “qaz partlayışı” və ya “qamışlıqda yanğın” kimi izahları heç bir tənqidə tab gətirmir. Hətta bir halda televiziya ilə göstərilən qaz borusunun partlayış baş verən evə ümumiyyətlə qoşulmadığı məlum olub. Krutixin qeyd edib ki, bütün bu hadisələrin təsadüfən baş verməsi ehtimalı demək olar ki, sıfıra bərabərdir və bu, kənar müdaxilə əlamətlərindən xəbər verir.

Bu partlayışlar ABŞ-ın regionda hərbi mövcudluğunu gücləndirməsi ilə eyni vaxta təsadüf edir. Analitikin sözlərinə görə, Donald Tramp sürətli və qısa müddətli, uzadılmış hərbi kampaniyasız bir əməliyyat tələb edir.

“Trampın psixologiyasını nəzərə alsaq, bunu demək olar ki, dəqiq bilirik. O, birincisi, hərbçilərdən İraq və ya Əfqanıstandakı kimi uzunmüddətli müharibə yox, sürətli əməliyyat istəyəcək. İkincisi isə – təntənəli qələbə. Elə bir nəticə ki, onu böyük uğur kimi elan etmək mümkün olsun. Hərbçilərin bu vəziyyətdən necə çıxacağını demək çətindir”, – deyə Krutixin bildirib.

O vurğulayıb ki, Fars körfəzində artıq bir ABŞ aviadaşıyıcı qrup yerləşir, mediaya görə ikinci qrup da bölgəyə doğru irəliləyir. ABŞ həmçinin radiasiya izlərini qeydə ala bilən təyyarələr yerləşdirib ki, bu da Vaşinqtonun İranın nüvə obyektlərinə marağını göstərir.

Mümkün zərbə hazırlıqları fonunda regiondakı siyasi konfiqurasiya da dəyişir. Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin mümkün üçtərəfli ittifaqı barədə xəbərlər tezliklə gündəmdən düşüb. Ər-Riyad Türkiyənin iştirakından imtina edərək yalnız Pakistanla əməkdaşlıq edəcəyini bəyan edib. Krutixinin sözlərinə görə, yaxın vaxta qədər Vaşinqtonu İranın dövlət quruluşunu dağıtmamağa çağıran Səudiyyə Ərəbistanı indi əksinə, Tehrana zərbənin gecikdirilməməsini tələb edir. Analitik hesab edir ki, bu kəskin mövqe dəyişikliyi regionda qeyri-müəyyənliyin artdığını və hərbi əməliyyat gözləntilərini əks etdirir, İranda baş verən partlayışlar isə ictimai rəyin “qızışdırılması” kimi görünür.

İran isə öz növbəsində Rusiya və Çinlə birgə hərbi təlimləri ləğv edib və müdafiə tədbirlərini gücləndirir. Keçən il baş vermiş 12 günlük müharibədən sonra ölkə çoxpilləli komandanlıq əvəzləmə sistemi yaradıb ki, bu da rəhbərliyin “başsız qoyulması” cəhdlərini demək olar ki, mənasız edir.

“İranı ali rəhbərlikdən məhrum etmək mümkündür, amma bu, son dərəcə çətindir”, – deyə Krutixin vurğulayıb.
Artan gərginlik fonunda mümkün zərbənin hədəfləri ilə bağlı ziddiyyətli məlumatlar yayılır: ballistik raket buraxılış qurğularından və anbarlardan tutmuş nüvə proqramına aid obyektlərədək.

Krutixinin sözlərinə görə, Vaşinqton hələlik İranın idarəetmə sistemini iflic edə biləcək həm sürətli, həm də effektiv zərbə variantını tapa bilməyib.

“S vəziyyət sözün əsl mənasında hər saat dəyişir. Hələlik biz yalnız hazırlıq mərhələsini və həm İran daxilində, həm də xaricində ictimai rəyi qızışdırmaq cəhdlərini görürük”, – deyə analitik yekunlaşdırıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Seçilən
21
1
konkret.az

2Mənbələr