ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlər dərc edib. Sənədlər beynəlxalq mediada geniş rezonans doğurub.
Bizim.Media xəbər verir ki, dünyanın aparıcı nəşrləri açıqlanan materialların Epşteynin illər boyu formalaşdırdığı təsir şəbəkəsinin miqyasını bir daha ortaya qoyduğunu və onunla münasibətlərini kiçiltməyə çalışan nüfuzlu şəxsləri çətin vəziyyətdə qoyduğunu yazır.
ABŞ-ın Ceffri Epşteyn işi üzrə yayımlanan sənədlərə toxunan "Politico" jurnalı qeyd edir ki, materiallar Epşteynin uzun illər ərzində qeyri-adi təsir imkanlarına malik olduğunu təsdiqləyir.
Nəşrin şərhinə görə, cinayət araşdırmaları artıq geniş vüsət aldığı dövrlərdə belə Epşteyn Avropanın tanınmış siyasi liderləri ilə əlaqələr saxlayıb, Hollivud elitası, iri şirkətlərin rəhbərləri və dövlət məmurları ilə yaxın münasibətlər qurub. Jurnal yazır ki, Epşteyn Vaşinqtondakı əlaqələrindən istifadə edərək Donald Tramp administrasiyasına da təsir göstərməyə çalışıb.
"The New York Times" isə diqqəti illər boyu Epşteynlə əlaqələrini inkar edən varlı və nüfuzlu şəxslərə yönəldir. Qəzetin yazdığına görə, təxminən üç milyon səhifəlik yeni sənədlər bu şəxslərin Epşteynlə münasibətlərinin dərinliyini və davamlılığını açıq şəkildə göstərir.
Nəşr vurğulayır ki, bu materiallar uzun müddət formalaşdırılmış ehtiyatlı təkzibləri zəiflədir və qlobal elita ilə Epşteyn arasındakı bağların əsl miqyasını üzə çıxarır.
Britaniyanın "The Times" qəzeti sənədlərin Böyük Britaniya monarxiyasına təsirinə diqqət çəkir. Nəşr yazır ki, Epşteynlə bağlı yeni açıqlamalar Kral ailəsi üçün ağır miras olaraq qalır.
Qəzetə görə, Kral Çarlz qardaşı Şahzadə Endryunun titullarını əlindən alsa da, Epşteyn işi ilə bağlı şübhələr və suallar monarxiyanın üzərindəki “ləkəni” aradan qaldırmır və hər yeni sənədlər dəsti bu mübahisələri daha da dərinləşdirir.
Hindistanın "National Herald" qəzeti isə sənədlərdə Hindistanın baş naziri Narendra Modinin adının çəkilməsinə diqqət ayırır. Nəşrin yazdığına görə, “Hindistan Milli Konqresi” partiyası bu faktı “milli biabırçılıq” adlandıraraq hökumətdən izahat tələb edib. Partiya nümayəndələri Epşteyn kimi məhkum olunmuş bir şəxslə istənilən yaxınlığın Hindistan rəhbərliyinin qərarvermə qabiliyyəti, şəffaflığı və diplomatik davranışı ilə bağlı ciddi suallar yaratdığını bildirirlər.
Beynəlxalq media Epşteyn işi üzrə yeni sənədləri təkcə hüquqi material kimi deyil, qlobal siyasi və ictimai etimad böhranını dərinləşdirən bir hadisə kimi qiymətləndirir.
Açıqlanan məlumatlar illərdir davam edən şübhələri yenidən gündəmə gətirir və nüfuzlu şəxslərin keçmiş əlaqələrinə dair müzakirələri daha da alovlandırır. (Modern.az)
Bizim.Media