AZ

Unutmayaq…

ONA YAZIÇILAR İTTİFAQININ ÜZVLÜK VƏSİQƏSİNİ XALQ ŞAİRİ SƏMƏD VURĞUN TƏQDİM EDİB

 

Bu il görkəmli pedaqoq, şair, el ağsaqqalı kimi böyük hörmət və ehtiram sahibi olmuş Asim Qazıyevin anadan olmasının 100 illiyi tamam olur.

ÖMÜRLÜYÜNDƏN: Asim İsa oğlu Qazıyev 10 may 1926-cı ildə Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində (indi Gəncə Tibb Kolleci) oxuyub. 1946-1850-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda dil-ədəbiyyat ixtisası üzrə təhsil alıb.

İnstitutu bitirəndən sonra doğma Samux rayonuna qayıdıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb.

Asim Qazıyev fəaliyyətini Bərdə rayonunun Leninabad (Samuxlu) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb. 1960-cı ildə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən ona “Metodist müəllim” adı verilib  və “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunub.

1999-cu il fevral ayının 19-da Gəncədə vəfat edib. Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.

Asim Qazıyev özündən sonra zəngin ədəbi irs  qoyub. O, 14 yaşından şeir yazmağa başlayıb. Özünə Asim Sevdalı təxəllüsü götürüb. Tələbəlik illərində institutda  fəaliyyət göstərən ədəbiyyat dərnəyinə rəhbərlik edib. İlk dəfə “Mənim yurdum” adlı şeri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub.

Azərbaycan Yazıçılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü və fəallarından olub.

Vaxtilə Xalq şairi Səməd Vurğunun “gələcəyin böyük şairi” kimi qiymət verdiyi Asim Qazıyevin 1996-cı ildə “Qələmin qüdrəti yaz, deyir mənə” adlı birinci, 2016-cı ildə “Xeyli sözüm var” adlı ikinci, 2018-ci ildə “Ürəkdən soruş” adlı üçüncü şeir kitabı nəşr olunub. 100 illik yubileyi münasibətilə  yeni bir kitabı da nəşrə hazırlanır.

Asim Qazıyev xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimovun bəstələdiyi sevilən “Gözəl Gəncəmiz” və “Ümid çırağı” adlı mahnıların mətninin müəllifidir.

Asim Qazıyevin “Xeyli sözüm var” adlı kitabına “Ön söz” yazan xalq şairi Nəriman Həsənzadə qeyd edir: “Samuxda dünyaya göz açan Asimin də ilham pərisi onun üzünə gülüb. Gözəl lirik şeirlər yazıb. 1947-ci ildə gənc yazıçıların Bakıda keçirilən Respublika müşavirəsinə Gəncə filialından nümayəndə seçilib. Yazıçılar İttifaqının sədri böyük Səməd Vurğunun məruzəsinə qulaq asıb, Gəncə filialının üzvlük vəsiqəsini onun əlindən alıb. Asim Qazıyev bu qürur hissini yaşayıbdı”.

Asim Qaziyev 1949-cu ildə qrup yoldaşı Fəridə Əzimova ilə ailə həyatı qurub. Bir oğlu, üç qızları var. Oğlu və bir qızı həkim, bir qızı müəllim, o biri jurnalistdir. Fəridə xanım 2004-cü ildə vəfat edib.

Bu il şair, pedaqoq Asim Qazıyevin 100 illik yubileyidir. Şairin yubileyi münasibətilə onun bir neçə şerini oxuculara təqdim edirik.

 

SORUŞMA

Odlu qəlbim, qəlbə ver sən payını,
Ürəklini ürəksizdən soruşma.
Hər kəs bu dünyada tapar tayını,
Çörəklini çörəksizdən soruşma.

 

Ömür bağdır, solar günün birində,
İsti çağda qazan, get gəz sərində,
Hər bir əməl durar layiq yerində,
Gərəklini gərəksizdən soruşma.

 

Şirin nemət, söylə, varmı xəyaltək?
Qanad varmı nəğmi kimi, əməltək,
Hünər oğlu göydə süzər qartaltək,
Lələklini lələksizdən soruşma.

 

Al günəşdir mənim ömür mayağım,
Ana torpaq, əyri getməz ayağım,
Bəxtiyaram, öz elimdir dayağım,
Köməklini köməksizdən soruşma.

 

Söylə, könül, bu el kimi dost hanı?
Qoy solmasın bu ülfətin bostanı.
Sinəmdədir arzuların dastanı,
Diləklini diləksizdən soruşma.

 

QADIN

Bizi sevindirib bəlkə min kərə,

Hər evdə bir çıraq alışdırıbdır.

Atıb yaylığını başından yerə,

Düşməni düşmənlə barışdırıbdır.

 

Dünya yaranandan bu ana qədər,

İnsan yaratmayıb bir ixtiraçı.

Zəhmətkeş görmədik biz ana qədər,

Ağ günlər yolunda ağarıb saçı.

 

Həyat məktəbindəimtahan verib,

Mayası olubdur sevincin, dadın.

Bir candan dünyaya neçə can verib,

Ən böyük mühəndis qadındır, qadın.

 

VALLAH

Tutduğun işləri yaxşı ölçüb-biç,

Bu ulu torpaqdan ayıbdır, vallah!

Nə Allah bilirsən, nə də ki, bəndə,

Kişilər Allahı sayıbdır, vallah!

 

Yarımçıq bir kəsə sən nə deyəsən,

Gərək paltarı da halal geyəsən,

Nə lazım dünyada qəlbə dəyəsən,

İncə qəlb həmişə mayıfdır, vallah!

 

Meyvəni vaxtında tez üzməyəndə,

Həqiqət eşqinə söz düzməyəndə,

Torpağın üstündə düz gəzməyəndə

Torpağın altı da hayıfdır, Vallah!

 

ANAMDAN QALIB

Bir sandıq, bir sabun, bir əl dəsmalı,

Bir boxça, əl bəndi… anamdan qalıb.

O verib ürəyi, gözü, kamalı,

Dilimin də qəndi anamdan qalıb.

 

Ülfətində məna, əlində şəfqət,

Əziz, sevimlidir, qoynu bir cənnət.

Xilqətində saflıq, işində ibrət,

İnsanlığın fəndi anamdan qalıb.

 

İsti qucağında şirin yatmışam,

Bəslənmişəm, boya-başa çatmışam.

Bir dilbərə qəlbdən kəmənd atmışam,

Sədaqət kəməndi anamdan qalıb.

 

Qayğısı çox olub, zəhməti qat-qat,

O bəxş edib ət-qan, səfalı həyat.

Həyat meydanında sürərəm mən at,

Bu ömür səməndi anamdan qalıb.

 

OLMAZ

Öz elimlə ucalmışam,

Elsiz gücüm, səsim olmaz.

Atalardan dərs almışam,

Mən bir cürəm, əksim olmaz.

 

Gözəl vətən, odum sənsən,

Zövqüm, səfam, dadım sənsən.

Can-ciyərim, adım sənsən,

Sənsiz bircə kəsim olmaz.

 

Gülüstansan, hey gül dərsəm,

Qucağında xoş gün görsəm,

Yüz il sənlə ömür sürsəm,

İnan, yenə bəsim olmaz.

 

YAŞADIM

Mən yaxşını, yamanı,
Seçə-seçə yaşadIm.
Xoş ümidi, gümanı,
İçə-içə yaşadım.

 

Məhəbbətin yolunu,
Sədaqətin yolunu,
Həqiqətin yolunu,
Keçə-keçə yaşadım.

 

Dost seçmişəm hər yerdən,
Nur almıişam səhərdən.
Nişan qoyub şeirdən,
Heca-heca yaşadım.

 

 

Təqdim etdi: Vasif SÜLEYMAN

Seçilən
11
heftelik.az

1Mənbələr