Donald Trampın kampaniya fondu 2025-ci ilin ikinci yarısında sürətlə artaraq aralıq seçkilərə təsir imkanlarını xeyli genişləndirib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti və 2026-cı il aralıq seçkiləri ərəfəsində Respublikaçıların əsas fiqurlarından biri olan Donald Trampın siyasi maliyyə ehtiyatı daha da genişlənib. Politico qəzetinin syazdığına görə, seçki kampaniyalarının maliyyələşdirilməsi ilə bağlı yeni açıqlanan məlumatlar göstərir ki, Tramp 2025-ci ilin ikinci yarısında öz siyasi şəbəkəsi vasitəsilə böyük həcmdə vəsait toplayaraq aralıq seçkilərə və sonrakı siyasi proseslərə təsir imkanlarını artırıb.
Politico nəşrinin hesablamalarına görə, Tramp ötən ilin ikinci yarısında özünün birləşmiş ianə toplama komitəsi vasitəsilə 26 milyon dollar vəsait toplayıb. Bundan əlavə, 8 milyon dollar birbaşa onun siyasi komitəsinə daxil olub. Trampa bağlı olan və seçki kampaniyalarında mühüm rol oynayan “super PAC” (superkomitə) isə hesablarında 300 milyon dollardan artıq vəsait saxlayır.
Məlumata görə, Trampın təsir dairəsinə daxil olan seçki hesablarının ümumi şəbəkəsi 375 milyon dollar təşkil edir. Bu vəsaitlərin bir hissəsi Trampın birbaşa nəzarətindədir, digər hissəsi isə ABŞ prezidentinin ən yaxın müttəfiqləri və siyasi komandası tərəfindən idarə olunur.
Nəşr vurğulayır ki, bu həcmdə maliyyə ehtiyatı 2026-cı ilə qədər olan dövrdə istənilən digər siyasi fiqurun — istər Respublikaçı, istərsə də Demokrat — imkanlarını xeyli üstələyir və faktiki olaraq tarixi presedenti olmayan bir göstərici sayılır. Xüsusilə də səlahiyyət müddəti məhdud olan və hazırda prezident postunda olmayan bir siyasətçi üçün bu cür maliyyə gücü nadir hal kimi qiymətləndirilir.
Politico qeyd edir ki, Trampın böyük maliyyə rezervi onu ənənəvi partiya strukturlarından daha az asılı vəziyyətə gətirir və onu müstəqil siyasi güc mərkəzinə çevirir. Bu ehtiyat Trampın artıq cari ildə keçiriləcək aralıq seçkilərdə Respublikaçı namizədləri dəstəkləməsi, rəqiblərinə qarşı siyasi kampaniyalar aparması və partiya daxilində təsirini daha da möhkəmləndirməsi üçün istifadə oluna bilər.
Müqayisə üçün, Respublikaçı Milli Komitənin (RNC) ilin sonuna olan hesablarında 95 milyon dollar qalıb. Demokratların əsas siyasi qurumu olan Demokratik Milli Komitə (DNC) isə daha çətin maliyyə vəziyyətindədir: onların borclarının 17 milyon dolları keçdiyi bildirilir.
Analitiklərin fikrincə, Trampın maliyyə üstünlüyü 2026-cı il seçkiləri öncəsi ABŞ-də daxili siyasi balanslara ciddi təsir göstərə bilər. Bu resurslar həm seçki kampaniyalarının miqyasını genişləndirmək, həm də partiyadaxili rəqabətdə üstünlük qazanmaq baxımından Trampın əlini gücləndirən əsas amillərdən biri hesab olunur.
Poliqon.info