ABŞ Müdafiə Nazirliyi İran tərəfindən mümkün hücum ssenarilərinə qarşı Yaxın Şərqdə hərbi hazırlıq səviyyəsini artırır. ABŞ mətbuatının yazdığına görə, Pentaqon İsrailin, ABŞ-ın ərəb müttəfiqlərinin və regionda yerləşən Amerika hərbi kontingentinin qorunması məqsədilə əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirir.
KONKRET.az xəbər verir ki, The Wall Street Journal qəzetinin 1 fevral tarixli məlumatında bu addımların ABŞ Müdafiə Nazirliyinə aid məlumatlar, uçuşların monitorinqi və peyk görüntüləri əsasında təsdiqləndiyi bildirilir.
Nəşrin yazdığına görə, Pentaqon Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarında əlavə THAAD (Terminal High Altitude Area Defense) və Patriot raketdən müdafiə sistemləri yerləşdirib. Bu tədbirlər əsasən İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki Amerika hərbi obyektlərini əhatə edir.
Yaxın Şərqdə ABŞ hərbi əməliyyatlarına nəzarət edən ABŞ Mərkəzi Komandanlığı məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Eyni zamanda bazar məlumatları və analitik hesabatlar göstərir ki, qlobal miqyasda mümkün ABŞ–İran qarşıdurması maliyyə spekulyasiyalarının da mərkəzinə çevrilib. Məlumata görə, Polymarket platformasında ABŞ-ın İrana mümkün hərbi zərbələrinin vaxtı və ssenariləri ilə bağlı milyonlarla dollar mərc edilib.
Platformada ABŞ-ın İran ərazisinə və ya İranın xarici diplomatik nümayəndəliklərinə hava, dron və ya raket zərbələri endirib-endirməyəcəyi ilə bağlı aktiv ticarət aparıldığı bildirilir. Bu müqavilələr üzrə dövriyyənin on milyonlarla dolları keçdiyi qeyd olunur.
Bununla yanaşı, İranın Ali Lideri Əli Xameneinin hakimiyyətdən uzaqlaşdırılması ehtimalı ilə bağlı mərc müqavilələrinə də bir neçə milyon dollar yatırıldığı bildirilir. Qeyd olunur ki, bəzi istifadəçilər heç bir hadisə baş vermədiyi üçün mərc müddətləri bitdikdən sonra ciddi maliyyə itkiləri ilə üzləşiblər.
Analitiklər hesab edir ki, həm hərbi hazırlıqlar, həm də maliyyə bazarlarında artan spekulyasiya Yaxın Şərqdə gərginliyin kritik mərhələyə daxil olduğunu göstərir.
Natiq Səlim,
KONKRET.az