Fransanın aparıcı auksion evlərindən biri olan "Artcurial"ın yalnız kolleksiya avtomobilləri ilə məşğul olan ixtisaslaşmış bölməsi Parisdə Klassik Avtomobillər Həftəsi çərçivəsində Peninsula Paris otelində “Avtomobil Əfsanələri” adlı hərrac keçirib. Hərracda satılan lotların ümumi dəyəri 15 milyon avro təşkil edib.
Auksionun əsas ulduzu Mercedes-Benz 300 SL Gullwing modeli olub. Avtomobil 100 faiz orijinal vəziyyətdədir, cəmi 34 000 km yürüşə malikdir və indiyədək nə restavrasiya edilib, nə də sökülüb. O, zavod boyasını tam qoruyub saxlayıb və buraxıldığı dövrün kataloqunda mövcud olan bütün idman opsiyaları ilə təchiz olunub. “Qağayı qanadı” kimi tanınan bu model 4 407 800 avroya satılıb ki, bu da dünya rekordu hesab olunur. İndiyədək hərracda “standart” Mercedes-Benz 300 SL Gullwing üçün ödənilmiş ən yüksək məbləğdir.
Auksionun digər ən dəyərli lotları arasında Jan Alezinin Formula-1 bolidi Ferrari F92A yer alıb, avtomobil 2 912 800 avroya satılıb. Həmçinin 1967-ci il buraxılışı, nadir və ideal vəziyyətdə olan Lamborghini Miura P400 1 402 801 avroya, 2006-cı il Porsche Carrera GT isə 1 647 800 avroya alıcı tapıb.
S.ELAY
XQ