Moskvanın 2030-cu ilə qədər idxaldan asılılığı azaltmaq planları həddən artıq nikbin qiymətləndirilir...
Poliqon xəbər verir ki, Rusiya xarici texnologiya idxalından asılılığını azaltmaq üçün ciddi səylər göstərsə də, ölkə rəhbərliyinin 2030-cu ilə qədər “texnoloji suverenliyə” nail olmaq ümidləri real vəziyyətlə uzlaşmır. Bu barədə “The Financial Times” nəşri məlumat yayıb.
Qəzetin tanış olduğu, Rusiya İqtisadiyyat Nazirliyinin 2025-ci ilin fevralına aid daxili sənədində etiraf olunur ki, ölkə hələ də hərbi potensial baxımından kritik əhəmiyyət daşıyan sahələrdə idxaldan ciddi şəkildə asılıdır. Söhbət xüsusilə maşınqayırma, pilotsuz uçuş aparatlarının istehsalı və enerji təchizatı kimi sahələrdən gedir.
Sənəddə, eyni zamanda, qeyri-enerji məhsullarının ixracının artırılması və istehsalın, eləcə də xarici təchizat zəncirlərinin dəstəklənməsi üçün zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlərin də faktiki olaraq dalana dirəndiyi qeyd olunur.
Hesabatda 2030-cu ilə qədər – Vladimir Putinin hazırkı prezidentlik müddətinin başa çatacağı vaxta – kritik sahələrdə idxalı əvəzləmə göstəricilərinə nail olmaq üçün altıillik plan təqdim edilir. Proqnozlara əsasən, həmin vaxta qədər əsas sektorların 80 faizində fəaliyyət göstərən şirkətlər yerli proqram təminatından istifadə edəcək, qeyri-enerji və qeyri-xammal məhsullarının ixracı isə üçdə iki nisbətində artacaq.
Bununla belə, müstəqil ekspertlər bu gözləntilərin reallıqdan uzaq olduğunu bildirirlər. Karnegi Mərkəzinin Rusiya və Avrasiya üzrə tədqiqatçısı Aleksandra Prokopenkonun fikrincə, Kremlin hədəfləri daha çox arzu xarakteri daşıyır. “2030-cu il üçün müəyyən edilən məqsədlər Putinə real plandan çox fantaziya kimi görünür. Nəzərə alsaq ki, ötən ilin fevralında hələ hesablamaları dəqiqləşdirirdilər, bürokratiya da anlayır ki, idxalı əvəz etmək üçün daxili istehsalın artımı çox məhdud olacaq”, – deyə o vurğulayıb.
“The Financial Times” qeyd edir ki, sanksiyalar, texnologiyalara çıxışın məhdudlaşması və ixtisaslı kadr çatışmazlığı Rusiyanın sənaye və yüksək texnologiyalar sahəsində iddialı planlarını ciddi şəkildə zəiflədir və 2030 hədəflərinin kağız üzərində qalması riskini artırır.
Poliqon.info