AZ

Qaranlıq maddə Kainatın “karkasını” necə formalaşdırıb?

Astronomlar COSMOS-Web adlı səma sahəsi üzrə maddənin paylanmasını əks etdirən son dərəcə detallı xəritə hazırlayıblar. Bu xəritədə kainatdakı maddənin təxminən 85%-ni təşkil edən, birbaşa müşahidə olunmayan, lakin qalaktikaların və iri kosmik strukturların formalaşmasında həlledici rol oynayan qaranlıq maddənin ehtimal edilən paylanması göstərilir. Beləliklə, alimlər kosmik “hörümçək torunun” sanki skeletini görməyə və qaranlıq maddə ilə adi maddənin birlikdə kainatı necə qurduğunu vizual şəkildə təqdim etməyə nail olublar.

Bu cür tədqiqatlar üçün ən etibarlı üsullardan biri qravitasiya linzalanmasıdır. Bu effekt zamanı böyük kütləyə malik strukturlar arxa plandakı obyektlərin görünən formalarını cüzi şəkildə təhrif edir. İndiyədək bu üsulla əldə edilən xəritələr ya səmanın geniş sahələrini aşağı detallılıqla əhatə edir, ya da çox yüksək ayırdetməyə malik olsa da, yalnız kiçik miqyaslarla məhdudlaşırdı.

Nature Astronomy jurnalında dərc olunan yeni elmi işdə NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından Diana Skonyamilyonun (Diana Scognamiglio) rəhbərlik etdiyi tədqiqat qrupu COSMOS-Web müşahidə proqramının məlumatlarından istifadə edib. Bu məlumatlar “Ceyms Uebb” kosmik teleskopunun üzərində quraşdırılmış NIRCam infraqırmızı kamerası vasitəsilə toplanıb.

İki infraqırmızı diapazonda çəkilmiş təsvirlərin təhlili nəticəsində alimlər 179 mindən çox uzaq qalaktikanın formalarını ölçüblər. Şəkillərin müstəsna keyfiyyəti sayəsində ölçmələrin sıxlığı kvadrat bucaq dəqiqəsinə təxminən 129 qalaktika təşkil edib ki, bu da “Habbл” teleskopunun məlumatları əsasında hazırlanmış əvvəlki xəritələrlə müqayisədə iki dəfədən çox yüksək göstəricidir.

Bu ölçmələr əsasında tədqiq edilən səma sahəsində maddənin paylanma xəritəsi yaradılıb. Metod təkcə iri qalaktika yığınlarını deyil, həm də onları bir-biri ilə birləşdirən qaranlıq maddənin incə “saplarını” — filamanları, eləcə də maddə sıxlığının aşağı olduğu bölgələri ayırd etməyə imkan verib. Bundan başqa, xəritə kainatın təkamülünün erkən mərhələlərində formalaşmış, çox böyük kosmoloji məsafələrdə yerləşən strukturları da izləyir.

Yeni xəritənin əvvəlki müşahidələrdən əldə olunmuş, o cümlədən rentgen diapazonundakı məlumatlarla müqayisəsi göstərib ki, əksər hallarda kütlənin sıx toplaşdığı sahələr məlum qalaktika yığınları ilə üst-üstə düşür. Xüsusi maraq doğuran məqam isə işıqda və ya rentgen şüalanmasında demək olar ki, görünməyən strukturların aşkar edilməsidir. Bu, qaranlıq maddənin üstünlük təşkil etdiyi “gizli” və ya zəif işıqlanan bölgələrin mövcudluğuna işarə edir.

Tədqiqat müəlliflərinin fikrincə, əldə edilən xəritə kosmoloji modellərin və qaranlıq maddənin xüsusiyyətlərinin yoxlanılması üçün bir növ etalon rolunu oynayır. Gələcək müşahidələr ətraf mühitin qalaktikaların təkamülünə necə təsir etdiyini daha dərindən öyrənməyə, həmçinin kosmik strukturların böyüməsini indiyədək mümkün olmayan dəqiqliklə izləməyə imkan verəcək. Əgər alimlərin nəticələri təsdiqlənərsə, “Ceyms Uebb” kosmik rəsədxanası təkcə erkən Kainata baxmaqla kifayətlənməyib, həm də onun görünməz əsasını, sözün əsl mənasında, “ölçməyi” bacarıb.

S.ELAY

XQ
 
 
 

Seçilən
12
2
xalqqazeti.az

3Mənbələr