AMEA-nın Gəncə Bölməsində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə dəyirmi masa təşkil olunub. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və bu elm ocağının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev gənc tədqiqatçıları 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasında gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Akademik vurğulayıb ki, bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin intellektual potensialının reallaşdırılması üçün ölkədə hərtərəfli şərait yaradılıb.
Fuad Əliyev qeyd edib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq elm sahəsində də gənclərin rolu getdikcə artır və AMEA-nın Gəncə Bölməsində gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi üçün zəruri imkanlar mövcuddur.
Daha sonra dəyirmi masa çərçivəsində məruzələr dinlənilib. AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Ulu Öndər Heydər Əliyevin ideyaları kontekstində gənc alim fenomeni: elmi düşüncənin yeni paradiqmaları” mövzusunda çıxış edib.
Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı gənc tədqiqatçıların beynəlxalq elmi əməkdaşlıq imkanlarından bəhs edib.
Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədov “Elmin davamlılığında gənc nəslin strateji mövqeyi”, Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Nərmin Alıyeva “Rəqəmsal transformasiya dövründə gənclərin elmi fəaliyyəti”, həmin şöbənin əməkdaşı Aytən İsayeva “Elmi potensialın inkişafına gənclər siyasətinin təsiri” mövzularında məruzələrlə çıxış ediblər.
Bölmənin Nizami Gəncəvi Mərkəzinin Dünya nizamişünaslığının tərcüməsi şöbəsinin baş laborantı Jasmin Abbasova isə “Elmi nailiyyətlərin cəmiyyətə transferində gənclərin rolu” mövzusunda fikirlərini bölüşüb.
Tədbirin sonunda akademik Fuad Əliyev fəal elmi və ictimai mövqelərinə, həmçinin dəyirmi masa çərçivəsində səsləndirilən dolğun məruzələrə görə gənc tədqiqatçılara təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə.