"Football-plus.az" xəbər verir ki, müqavilə ilə ''Beşiktaş''a məxsus olan 20 yaşlı futbolçu 23-cü turda ''Kalyari''nin evdə ''Verona''nı 4:0 darmadağın etdiyi qarşılaşmada hesabı 2:0 edən qolu vurub. Bununla da Semih A seriyasında 17-ci qarşılaşmada 4-cü dəfə fərqlənib.
Maraqlıdı ki, bu futbolçunun qolları bir qayda olaraq gözəl alınır. Daha öncə ''Torino'' ilə qarşılaşmada topu meydanın özünə aid hissəsində götürən və fərdi keçiddən sonra əla qol vuran Semih bu dəfə akrobatik zərbə ilə topu tora göndərdi. Yan hakim əvvəlcə bayrağı qaldırsa da, VAR incələməsindən sonra qol qeydə alındı.
Oyundan sonra açıqlamalar verən Kılıçsoy bunları deyib:
''Bu gün vurduğum qol həqiqətən gözəl alındı. Sayılmasaydı çox üzülərdim. Hakimin mərkəzi göstərməsinə sevindim. Hücum oyunçusu üçün qol vurmaq çox önəmlidi. İtaliyaya adaptasiyam müəyyən vaxt apardı. ''Kalyari''də özümü yaxşı hiss edirəm və burda xoşbəxtəm. Fiziki cəhətdən güclüyəm. Türkiyə və İtaliya futbolu arasında əsas fərq taktika ilə bağlıdı. İtaliya futbolu taktika baxımından daha səviyyəlidi. Amma yenə də italiyalı müdafiəçiləri keçə biləcək özəlliklərə sahib olduğumu bilirəm''.