La Liqada hesabat turu nəhənglərin – “Barselona”, “Real” və “Atletiko”nun qələbəsi ilə əlamətdar oldu ki, belədə ilk “3-lük”də heç bir yerdəyişmə yaşanmadı. Amma avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan “Espanyol”, “Betis” və “Selta” məğlubiyyətlə barışdı.
Belə görünür ki, “Vilyarreal”ın yüksək yerlər uğrunda mübarizə aparması illüziyadı. Axı “sarı sualtı qayıq” növbəti dəfə “böyük üçlük”dən olan kluba uduzdu. “Vilyarreal” 1-ci dövrədə həm “Barselona”ya, həm də Madrid nəhənglərinə iki top fərqi ilə uduzmuşdu. “Real” yenidən bu komandaya eyni fərqlə qalib gəldi. Bu oyun hadisə baxımından zəngin olmadı. Qapıçılar fasiləyə qədər oyuna o qədər də qoşulmadı, fasilədən dərhal sonra isə müdafiəçilər Vinisiusun asmasını qaytardı, dönən topa hamıdan tez çatan Mbappe hesabı açdı. Bundan sonra qonaqlar daha rahat oynamağa başladı, “Vilyarreal” isə daha çox “açılmağa” məcbur oldu. Marselino dəyişikliklər hesabına hücumu gücləndirməyə çalışdı, Morenonun bir neçə yaxşı imkanı oldu. Ancaq meydan sahibləri ümumilikdə “dişsiz” təsir bağışladı. Çox güman, “sarılar” mövsümün sonuna qədər də ilk “4-lüy”ü tərk etməyəcək, ancaq bütün komandalara uduzacaqsansa, Çempionlar Liqasında oynamağın mənası nədi ki?! “Real” bu qələbə hesabına birgünlüyə zirvəni ələ keçirdi.
Amma “Barselona”nın autsayder “Ovyedo” ilə oyunda xal itirəcəyinə inanmaq çətin idi. Gözlənilən kimi də oldu. Oyun Flikin komandası üçün o qədər də asan alınmadı. İlk dövrədə olduğu kimi, yenə də 1-ci hissə boşa verildi. Düzdü, həmin qarşılaşmadan fərqli bu dəfə kataloniyalılar rəqibə ilk yarıda hesabı açmağa imkan vermədi. Favorit yalnız fasiləyə az qalmış ilk təhlükəli vəziyyəti yaratdı ki, onda da qapıçı Eskandel Rafinyanın yaxın məsafədən zərbəsini dəf etdi. Onun rəqib həmkarı Xoan Qarsiya bir neçə dəfə ciddi şəkildə oyuna qoşulmalı oldu. Ancaq 2-ci hissədə hər şey öz yerini tutdu. Üç qol vuran “Barsa” inamlı qələbə qazandı. Düzdü, qollardan ikisi rəqibin kobud səhvi nəticəsində vuruldu. Qonaqlar ciddi pressinq altında cərimə meydançasında səhvə yol verdi və Olmo hesabı açdı. Bir qədər sonra Kostasın ötürmə səhvindən yararlanan Rafinya təkbətəki boşa vermədi. 73-cü dəqiqədə isə Yamal effektli zərbə ilə yekun hesabı müəyyənləşdirdi. Səviyyə hesabına qalib gələn “Barsa” yenə “Real”ı 1 xal qabaqlayır. “Ovyedo” isə hər ötən gün aşağı liqaya bir addım da yaxınlaşır.
Arada yetərincə xal fərqi olsa da, hər halda, liderləri “Atletiko” izləyir. “Hindular” hesabat turunda autsayder “Malyorka”nın müqavimətini asanlıqla qırdı. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Espanyol” “Valensiya” ilə səfər oyununda iki dəfə hesabı bərabərləşdirsə də, 90+4-cü dəqiqədə buraxdığı qola cavab verə bilmədi. “Betis”, ümumiyyətlə, aşkar autsayder “Alaves”ə uduzdu. “Real Sosyedad” Pelleqrino Mataratsonun rəhbərliyi altında əla nəticə göstərir. San-Sebastyan klubu çempionatdakı ardıcıl 3-cü qələbəsini “Selta” üzərində qazandı. Özü də basklar Çaleta-Sarın 45+2-ci dəqiqədə meyandan qovulması üzündən azlıqda mübarizə apardılar. Bu məqam onların 2-ci hissədə iki qol vurmasına mane olmadı. “Selta”nın məğlubiyyətsiz oyunlar seriyası 6-da dayandı, “Real Sosyedad” isə növbəti gözəl qələbə sayəsində 8-ci pilləyə yüksəldi.
Turun qalan oyunlarına gəlincə, “Levante” – “Elçe” oyununda meydan sahibləri, “Rayo Valyekano” – “Osasuna” oyununda isə qonaqlar üç qol vurmaqla qalib gəldi. ÇL-də ilk 24 komanda sırasına düşməyə iddialı “Atletik” səfərdə “Sevilya”ya uduzdu.
21-ci tur
Barselona – Ovyedo 3:0
Olmo, 52. Rafinya, 57. Yamal, 73. (44763)
Barselona: X.Qarsiya, Kanselo (Balde, 60), Kubarsi, E.Qarsiya, Martin (Kunde, 46), Kasado, De Yonq, Olmo (Bernal, 75), Yamal (Bardaqji, 79), Rafinya (F.Lopes, 60), Levandovski.
Vilyarreal – Real 0:2
Mbappe, 47; 90+4-p. (20432)
Real: Kurtua, Karreras, Höysen, Asensio, Valverde, Kamavinqa, Bellingem, Gülər (Dias, 80), Vinisius, Mastantuono (Q.Qarsiya, 74), Mbappe.
Atletiko – Malyorka 3:0
Sörlot, 22. D.Lopes, 75-öz qapısına. Almada, 87. (55028)
Atletiko: Oblak, Lyorente, Ximenes, Pubil, Hantsko, Kardoso (Le Norman, 73), Barrios, Simeone (Koke, 79), Baena (Qonsales, 59), Alvares, Sörlot (Almada, 72).
Valensiya – Espanyol 3:2
Duro, 15. Comərt, 59. Ramazani, 90+4-p. – Terrats, 54. Kopete, 79-öz qapısına. (44162)
Alaves – Betis 2:1
Visente, 3. Martines, 47 – Ezzalzuli, 90+5. (14810)
Real Sosyedad – Selta 3:1
Oyarsabal, 17; 75. Mendes, 90+6-p. – İqlesias, 72. (29682)
Levante – Elçe 3:2
Martines, 50. De la Fuente, 68. Matturro, 90+6 – Rodriges, 11. Boayar, 90+2. (18973)
Rayo Valyekano – Osasuna 1:3
Siss, 59 – Budimir, 29. Vertroud, 90+1. Osambela, 90+4. (12091)
Sevilya – Atletik 2:1
Fernandes, 42. Adams, 56-p. – Navarro, 40. (34642)
Jirona – Xetafe 1:1
Reys, 90+4 – Vaskes, 59.
1. Barselona 21 17 1 3 57-22 52
2. Real 21 16 3 2 45-17 51
3. Atletiko 21 13 5 3 38-17 44
4. Vilyarreal 20 13 2 5 37-21 41
5. Espanyol 21 10 4 7 25-25 34
6. Betis 21 8 8 5 34-27 32
7. Selta 21 8 8 5 29-23 32
8. Real Sosyedad 21 7 6 8 29-29 27
9. Jirona 21 6 7 8 21-35 25
10. Osasuna 21 7 4 10 24-25 25
11. Elçe 21 5 9 7 29-29 24
12. Sevilya 21 7 3 11 28-33 24
13. Atletik 21 7 3 11 20-30 24
14. Valensiya 21 5 8 8 22-33 23
15. Rayo Valyekano 21 5 7 9 17-28 22
16. Alaves 21 6 4 11 18-26 22
17. Xetafe 21 6 4 11 16-27 22
18. Malyorka 21 5 6 10 24-33 21
19. Levante 20 4 5 11 24-34 17
20. Ovyedo 21 2 7 12 11-34 13
Bombardirlər: Mbappe (Real) - 21, Muriqi (Malyorka) – 14, Torres (Barselona) – 11, Levandovski (Barselona), Budimir (Osasuna) – 9.
Növbəti turun oyunları yanvarın 30-u – fevralın 2-si aralığında keçiriləcək: Espanyol – Alaves, Ovyedo – Jirona, Osasuna – Vilyarreal, Levante – Atletiko, Elçe – Barselona, Real – Rayo Valyekano, Betis – Valensiya, Xetafe – Selta, Atletik – Real Sosyedad, Malyorka – Sevilya.
Turun rəqəmi
10 – “Barselona” son 6 ildə bir baş məşqçinin rəhbərliyi altında evdə ən uzun qələbə seriyasına nail oldu. Flikin komandası çempionatda ardıcıl 10-cu ev qələbəsini qazandı. Kataloniyalılar sonuncu dəfə ötən ilin mayında – 37-ci turun oyununda “Vilyarreal”a uduzub. “Barsa” La Liqada sonuncu dəfə bir məşqçinin rəhbərliyi altında ardıcıl 10 ev oyununda qələbəni 2019-da qazanıb – onda Ernesto Valverdenin rəhbərlik etdiyi komanda belə qələbələrin sayını 14-ə çatdırmışdı.
Turun ulduzu
Kilian Mbappe (Real) – yenə komandasının əsas zərbə gücü idi. Komandalar paltardəyişmə otağından dönən kimi hesabı açdı, lap sonda isə özü qazandığı penaltini qola çevirdi.
Turun sitatı
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi: “Bilirəm, heç də ən yaxşı şəkildə oynamadıq, xüsusən də 1-ci hissədə. Çoxlu oyunlarımız və səfərlərimiz olur. Düzdü, bu, bəraət deyil. 3:0 hesabı çox vacibdi. İkinci hissədə ilk yarı ilə müqayisədə daha yaxşı işlər gördük”.
Oyundan sonra
Alvaro Arbeloa, “Real”ın baş məşqçisi: “Hər kəsin fədakarlığı, çalışqanlığı, işgüzarlığı – bura gələndən sonra gözümə dəyən əsas cəhətlər bunlardı. Bu meydanda qələbə böyük uğurdu. Biz buna futbolçuların əməyi sayəsində nail olduq. İşləmək üçün vaxtımız nə qədər çox olsa, bir o qədər yaxşıdı. Bunlar yüksək səviyyəli futbolçulardı, izahları çox tez anlayırlar”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta