Almaniyanın “Verder” futbol klubu Bundesliqanın 20-ci turunda Mönhenqladbax “Borussiya”sı ilə 1:1 hesablı heç-heçədən sonra baş məşqçi Xorst Şteffenlə yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klubun rəsmi saytına açıqlama verən “Verder”in idman direktoru Klemens Frits qərarın asan olmadığını bildirib:
“Bu, çox çətin qərar idi. Lakin uzun müddətdir davam edən qələbəsizlik seriyasından sonra vəziyyəti dəyişə biləcək şəxsin Xorst olduğuna artıq əmin deyildik. Bu qənaətə gəlmək bizim üçün acı məyusluq oldu, çünki Xorstu həqiqətən yüksək qiymətləndiririk. Bununla belə, idman vəziyyətimizin təhlili və son müzakirələrdən sonra belə bir nəticəyə gəldik. Buna görə də Xorstu vəzifəsindən azad etmək qərarı verdik.
Hazırda yeni baş məşqçinin axtarışı üzərində intensiv şəkildə çalışırıq və “Verder” üçün ən doğru qərarı vermək məqsədilə lazımi vaxtı ayıracağıq”.
Qeyd edək ki, Xorst Şteffen ötən yay “Elversberq” klubundan “Verder”ə baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Bundesliqada 20 oyun keçirib, dörd qələbə qazanıb, yeddi dəfə heç-heçə edib və doqquz məğlubiyyətlə üzləşib. Son qarşılaşmadan sonra “Verder” artıq 10 oyundur qələbə qazana bilmir və turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
Komandaya müvəqqəti olaraq köməkçi məşqçilər Rafael Duarte və Kristian Qross rəhbərlik edəcəklər.