Azərbaycan Cüdo Federasiyası fevral ayı üçün nəzərdə tutulan yarış və tədbirlərin təqvimini açıqlayıb. Təqvimə əsasən, ay ərzində Azərbaycan cüdoçuları həm ölkə daxilində, həm də xaricdə bir sıra turnir və hazırlıq mərhələlərində iştirak edəcəklər.
İdman.Biz-ə Cüdo Federasiyasından verilən məlumata görə, fevral ayının ilk yarışları 31 yanvar – 1 fevral tarixlərində Belçikanın Herstal və Vise şəhərlərində keçiriləcək beynəlxalq açıq turnirlə başlayıb. Qeyd edək ki, bu yarışda cüdoçularımız artıq uğur əldə ediblər. 2–5 fevral tarixlərində isə Belçikanın Herstal şəhərində Olimpiya təlim düşərgəsi təşkil olunacaq.
Fransanın Paris şəhərində Böyük Dəbilqə turniri 7–8 fevralda baş tutacaq. Həmin tarixlərdə Sumqayıtda U-17 yeniyetmələr arasında istedadların seçimi turnirinin birinci turu keçiriləcək. 9–12 fevral tarixlərində isə Parisdə beynəlxalq təlim-məşq toplanışı planlaşdırılıb.
Bakıda U-16 yeniyetmələr arasında istedadların seçimi turnirinin birinci turu 14–15 fevral tarixlərində təşkil olunacaq. Eyni günlərdə Sloveniyanın Lyublyana şəhərində Avropa Açıq Turniri keçiriləcək.
16 fevralda Bakıda böyüklər arasında Ne-vaza üzrə ACF Kuboku baş tutacaq. 19–20 fevral tarixlərində paytaxtda kəmər dərəcələri üzrə imtahan və texnika nümayişi təşkil ediləcək.
Bakıda U-14 yeniyetmələr arasında Liqa yarışının birinci turu isə 21–22 fevralda keçiriləcək. Fevral ayının son yarışları isə 27 fevral – 1 mart tarixlərində Özbəkistanın Daşkənd şəhərində təşkil olunacaq Böyük Dəbilqə turniri ilə yekunlaşacaq.