AZ

BMT-nin Baş katibi: Təcili tədbirlər görülməzsə, təşkilatımızı maliyyə iflası gözləyir

Bakı, 1 fevral, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, dünya təşkilatı maliyyə qaydaları yenidən nəzərdən keçirilməsə və ya 193 üzv ölkənin hamısı üzvlük haqlarını tam və vaxtında ödəməsə, yaxınlaşan maliyyə iflası labüd olacaq.

AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, Baş katib BMT-nin üzv ölkələrinə məktub ünvanlayıb. O bildirib ki, təşkilatın adi əməliyyat büdcəsi üçün pul vəsaiti iyul ayına qədər tükənə bilər ki, bu da onun fəaliyyətinə ciddi təsir göstərəcək. Baş katib deyib: “Ya bütün üzv dövlətlər üzvlük haqqını tam və vaxtında ödəmək öhdəliklərini yerinə yetirməlidir, ya da qaçılmaz maliyyə çöküşünün qarşısını almaq üçün qaydalar kökündən dəyişdirilməlidir”.

“Reuters” agentliyinin əvvəllər haqqında xəbər verdiyi məktubda Quterreş heç bir ölkənin adını çəkməsə də, ehtimal olunur ki, maliyyə böhranı ənənəvi olaraq ən böyük donor olan ABŞ-ın Birləşmiş Millətlər Təşkilatına məcburi üzvlük haqqını ödəməməsi ilə əlaqədardır. Prezident Donald Tramp Birləşmiş Millətlər Təşkilatının böyük potensiala malik olduğunu, lakin buna uyğun davranmadığını dəfələrlə bildirib. Onun administrasiyası Ümumdünya Səhiyyə Təşkilatı və UNESCO kimi BMT təşkilatlarından çıxıb, eyni zamanda, onlarla başqa təşkilatın maliyyələşdirilməsini dayandırıb.

Açıq şərh vermək səlahiyyəti olmayan və anonimlik şərti ilə məlumat verən BMT rəsmilərinin sözlərinə görə, ABŞ hazırda BMT-nin büdcəsinə 2,196 milyard dollar borcludur. Vaşinqton bu məqsəd üçün bu il və əvvəlki illər üçün cəmi 767 milyon dollar ayrılıb.

Seçilən
12
4
azertag.az

5Mənbələr