AZ

İlham Əliyevin sülh missiyası: Azərbaycan İran və ABŞ arasında vasitəçi ola bilər...

31 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Azərbaycan və İran arasında hər zaman tarixi dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu bildirən İlham Əliyev, son vaxtlar regionda yaranmış vəziyyətdən narahatlığını ifadə edib. Dövlət başçısı bildirib ki, Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

İran prezidenti Məsud Pezeşkian İlham Əliyevə öz təşəkkürünü bildirib, minnətdarlığını ifadə edib.

Müzəffər Ali Baş Komandanın təklifi Azərbaycanın sülhpərvər siyasətinin təzahürüdür

Prezident İlham Əliyevin gərginliyin aradan qaldırılmasına Azərbaycanın töhfə verməyə hazır olması ilə bağlı bəyanatı dövlətimizin bütün dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlı olduğunu sübut edir. Bu təklif bir daha göstərir ki, bəzi dövlətlərdən fərqli olaraq, Azərbaycanın sülh siyasəti davamlıdır və bu siyasət dövlətlərə, situasiyalara görə fərqlənmir. Azərbaycan bu məsələdə heç vaxt heç bir dövlətə qarşı ayrı-seçkilik sərgiləməyib. Əksinə, bütün dövlətlərlə münasibətdə eyni səmimiyyət və humanizm sərgiləyib. Müzəffər Ali Baş Komandanın Məsud Pezeşkiana təklifi də sülhpərvərsiaysətinin təzahürü, bu siyasətin davamıdır.

Azərbaycan İran və ABŞ arasında vasitəçi olması mümkündür

Prezident İlham Əliyevin Məsud Pezeşkianla danışıqlarda səsləndirdiyi fikirlər Azərbaycanın sülhə töhfə verməyə hazır olduğunu göstərməklə yanaşı, həm də onu deməyə əsas verir ki, ölkəmizin İranla ABŞ arasında vasitəçi olması mümkündür. Buna Azərbaycanın həm nüfuzu, həm də hər iki ölkə ilə olan xoş münasibəti imkan verir. Bu səbəbdən də İran və ABŞ-dan təklif gələcəyi təqdirdə Azərbaycanın bu missiyanın öhdəsindən müvəffəqiyyətlə gələcəyi şübhəsizdir.

Bir məqamı da vurğulayaq ki, Azərbaycan müxtəlif dönəmlərdə Türkiyə-Rusiya, İsrail-Türkiyə və s. ölkələr arasında gəriginliyin azaldılması, siyasi qarşıdurmanın aradan qaldırılmasında yaxından iştirak edib, beynəlxalq sülhə ciddi töhfələr verib. Ölkəmizin və Prezidentimizin bu xeyirxah təşəbbüsü yuxarıda adıçəkilən dövlətlər tərəfindən də alqışlanıb, etiraf olunub. Bu isə o deməkdir ki, Azərbaycanın zəngin vasitəçilik təcrübəsi mövcuddur və bu təcrübə İran-ABŞ gərginliyinə də son qoya, regiona sülh gətirə bilər.

Seymur ƏLİYEV

 

Seçilən
32
1
moderator.az

2Mənbələr