AZ

Hər kəs üçün örnək olan müəllim portreti

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Bu gün hüquq elmləri doktoru, professor, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynovun doğum günüdür.

Bəzən bir insanı tərifləmək üçün uzun-uzadı sözlər yetərli görünür, bəzən də ən doğrusu az danışıb, daha dəqiq demək olur: Lətif müəllim mənim elmi fəaliyyətimdə çox böyük zəhməti olan insanlardan biridir.

Mən Lətif müəllimi 2003-cü ildən yaxından tanımışam. O tarixdən bu günə qədər elmi fəaliyyətimi onun tövsiyələri və yanaşması ilə davam etdirmişəm. Hər kəsin həyatında elə bir dövr olur ki, istiqamət axtarır, seçdiyi yolun doğruluğuna dair bir səs, bir dayaq, bir ölçü meyarı istəyir. Mən o dayaq hissini illər boyu Lətif müəllimin varlığında tapdım. Əminliklə deyə bilərəm, onunla bu yolu davam etdirmək mənə həmişə ruh və güvən verib.

Lətif müəllimin ən diqqətçəkən cəhətlərindən biri, bəlkə də birincisi onun dəyişməzliyidir. Həyatın müxtəlif mərhələləri, müxtəlif vəzifələr, müxtəlif məsuliyyətlər insanı dəyişdirə, bəzən də yumşalda bilir. Amma Lətif müəllimdə mən illər boyu eyni xətti görmüşəm: prinsipiallıq, daxili nizam, ədalət hissi və peşə məsuliyyəti. Və bir də ən qiymətlisi – təmənnasız dəstək. O, insanı öz yolunda tək qoymayan, məsləhətini əsirgəməyən, yol göstərəndə bunun qarşılığında heç nə gözləməyən bir müəllimdir. Bu dəstəyin ən dəyərli tərəfi isə budur ki, o bunu bir dəfə yox, illər boyu edib və bundan yorulmayıb.

Bəzən “tələbkarlıq” sözü insanlarda sərtlik təəssüratı yaradır. Lətif müəllim isə tələbkarlığı ilə sərtlik arasında çox aydın bir sərhəd qoyur. O sərt deyil, o standartı yüksək saxlayan insandır. Onun həddindən artıq tələbkarlığı və “lazımsız güzəşt”i sevməməsi mənim üçün ən gözəl xüsusiyyətlərindən biridir. Çünki güzəşt çox vaxt rahatlıq gətirir, amma inkişaf gətirmir, güzəşt bəzən işi asanlaşdırır, amma keyfiyyəti aşağı salır. Lətif müəllim isə keyfiyyətə, dürüst elmi düşüncəyə və məsuliyyətə güzəşt etməyi sevmir. Bu, insanı yormağa xidmət etmir, əksinə, insanın özünə hörmətini artırır: “daha yaxşı yaz”, “daha düzgün əsaslandır”, “daha dəqiq ol”, “sən bunu edə bilərsən” mesajını sakit, amma qətiyyətli şəkildə verir. Bu yanaşma gənc tədqiqatçı üçün bəzən çətin görünür. Amma zaman keçdikcə başa düşürsən, bu tələbkarlıq sənə “yaxşı olmaq” üçün yox, sabit və peşəkar olmaq üçün lazımdır. Dəlilsiz iddianın, natamam məntiqin, səthi yanaşmanın qarşısında dayanmaq elmdə də, hüquqda da təkcə bilik yox, xarakter tələb edir. Lətif müəllim bu xarakterin formalaşmasına, mənim kimi çoxlarının elmi istiqamətinin möhkəmlənməsinə böyük təsir göstərib. Ona görə də bir daha deyirəm: onun üzərimdə zəhməti çox böyükdür.

Bu təbriki Lətif müəllim bəlkə də oxumayacaq. Amma mənim məqsədim təkcə onun oxuması deyil. İstəyirəm ki, insanlar belə dəyərli alimi – öz prinsipindən dönməyən, dəstəyi ilə insan yetişdirən, elmi və ədaləti bir-birindən ayırmayan, sözünün çəkisi olan insanı daha yaxından tanısınlar.  Çünki cəmiyyətin inkişafı təkcə qurumlarla deyil, müəllimlərlə ölçülür, müəllimlərin verdiyi intizamla, örnəklə, dəyərlə.

Hörmətli Lətif müəllimi, doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, uzun ömür, tükənməz enerji arzulayıram. Elmdə  və digər sahələrdə uğurları davamlı olsun. Lətif müəllim kimi insanların varlığı bizə həm ümid verir, həm də məsuliyyəti xatırladır. Yaxşı olmaq kifayət deyil, daha yaxşı olmaq üçün çalışmaq lazımdır.

Hüquq üzrə fəlsəfə doktoru

Əlövsət Allahverdiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr