AZ

ABŞ qüvvələri bölgəyə yaxınlaşır, İran raket sınaqlarını intensivləşdirir – VİDEO, FOTOLAR

İran bu gün ölkənin bir neçə bölgəsində raket sınaqları həyata keçirib.

Yerli mənbələr və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Kərəc, Xuzistan və İsfahan əraziləri üzərində orta mənzilli raketlər sınaqdan keçirilib, Ərak şəhəri yaxınlığında isə “Fateh” tipli uzaqmənzilli raketlərin buraxılışı qeydə alınıb.

Sınaqlar zamanı çəkildiyi iddia olunan görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Kadrlarda raketlərin havaya buraxılması və uçuş trayektoriyası əks olunur.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu hərbi aktivlik ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı, İran ətrafına əlavə qüvvələr cəmlədiyi bir dövrə təsadüf edir. Paralel olaraq, dünya mediası İranın qarşıdakı saatlar və ya günlər ərzində bombalana biləcəyi ehtimalı ilə bağlı intensiv məlumatlar yayır. Bu ehtimalların əsas səbəbi Donald Trampın son sərt bəyanatları və Vaşinqtonun Tehrana ünvanladığı ultimativ tələblərdir.

Məlumatlara görə, ABŞ administrasiyası İran rəsmilərinə 1 fevraladək vaxt verib. Həmin müddətdə Tehranın aşağıdakı şərtləri qəbul etməsi tələb olunurdu:

– nüvə proqramından tam imtina, uranın zənginləşdirilməsinin dayandırılması, bütövlükdə nüvə infrastrukturunun ləğvi.

Bundan əlavə, Vaşinqton 8-9 yanvar tarixlərində Tehran və digər şəhərlərdə keçirilmiş etiraz aksiyalarından sonra saxlanılan etirazçıların edam olunması prosesinin dayandırılmasını da şərt kimi irəli sürüb.

Artıq fevral ayının 1-idir və İrana verilmiş müddət bitmiş sayılır. Əgər hər hansı gizli anlaşma yoxdursa, bölgədə yeni müharibınin başlaması saat məsələsidir.

Müşahidəçilərin fikrincə, İran rəhbərliyi hazırda qəti mövqe nümayiş etdirmir və vaxt qazanmağa çalışır. Tehran eyni vaxtda Çin, Rusiya, Türkiyə və digər ölkələrlə danışıqlar aparır. Bununla yanaşı, raket sınaqları və hərbi manevrlər müharibəyə hazırlıq əlamətləri kimi dəyərləndirilir.

Analitiklər istisna etmir ki, mövcud vurğular və yayılan hərbi görüntülər fonunda İran ABŞ və İsrail qüvvələrinin hava zərbələri ilə üzləşə bilər. Bu ssenarinin ən pis halda yaxın saatlarda, ən yaxşı halda isə yaxın günlərdə baş verməsi ehtimalı gündəmdədir. Hazırda ABŞ–İran arasında real anlaşmanın əldə olunduğuna dair təsdiqlənmiş məlumat yoxdur və proseslər sürətlə eskalasiya xəttinə doğru irəliləyir.

Qeyd: Xəbərin hazırlanmasında “Azad İran” Telegram kanalından istifadə olunub.

Musavat.com

Seçilən
36
editor.az

1Mənbələr