II dünya müharibəsinin qəhrəmanlarından biri olan və bütün dünyada “Qara general” kimi tanınan Dayan Bayanoviç Murzin 20 yanvar 1921-ci ildə Ufa quberniyasında dünyaya göz açıb. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra o, Kuşnarenkovskoyedəki pedaqoji kollecə daxil olub. Öncə müəllim, daha sonra 18 yaşında direktor vəzifəsini tutub. 1940-cı ildə Finlandiya ilə müharibə başlayan kimi Dayan könüllü olaraq cəbhəyə yazılıb, Ufa və Leninqradda təlim keçib. Hələ əsas hərbi bacarıqları öyrənərkən müharibə başa çatıb və Murzin Riqaya, hərbi akademiyaya göndərilib. Almaniyanın SSRİ-yə hücumu zamanı, 1941-ci ilin mayında məzun olub. O, Litvada, Baltik hərbi dairəsində tağım komandirinin müavini vəzifəsində xidmət edib.

İyun ayının 20-də Murzin əsgərlərini toplayaraq nasistlərin 21 və ya 22 iyunda hücum edəcəyini elan edib. “22 iyun saat 4-də səmada təyyarə buludları göründü. Səhər saat altıda tanklar üstümüzə gəldi. Dəhşətli idi: təyyarələrin gurultusu, tankların gurultusu, güllələrin fit səsi, yaralıların iniltiləri”, - deyə Murzin həmin günü xatırlayıb.
Döyüşlərdə Dayan özü də yaralanıb. Əsgərlər yaralı komandiri çarşafın üstündə daşısalar da, Murzin əsgərlərə onu öldürməsi barədə əmr verib. Lakin əmr yerinə yetiriliməyib və əsgərlər onu ərazidən uzaqlaşdırıblar. İki gün sonra bir kəndli Murzini tapıb və onu arabaya mindirərək fermasına aparıb. Qısa müddət ərzində sağalan Murzin yaxınlıqda Yampol partizan dəstəsinin olduğunu öyrənib. Bu dəstə özlüyündə kiçik olmayıb.

Kəşfiyyat tağımının komandiri olan gənc ikinci dəfə ağır qəlpə yarası alıb. Müalicə üçün materikə, Qorkiyə (Nijni Novqorod) göndərilib. 1942-ci ilin avqust ayında nasistlər tərəfindən yaradılan “Türküstan legionu”na sızıb. Bir il ərzində o, bir neçə batalyonu partizanların tərəfinə keçirib. Bu uğurdan sonra Murzin 1943-cü ildə Moskvaya çağırılıb və kəşfiyyat məktəbinə göndərilib.
Dayan Murzinin tərcümeyi-halının ən əfsanəvi hissəsi bundan sonra başlayıb. 1944-cü ilin avqustunda o, bir qrup slovakiyalı kəşfiyyatçı ilə Moraviya protektoratının tərkibindəki Reyx ərazisi olan Çexiyaya göndərilib. Burada o, bir neçə həftə ərzində partizan dəstəsi təşkil edib. Murzin əvvəlcə qərargah rəisi, daha sonra isə komandir vəzifəsində çalışıb. Partizan briqadasının “beynəlxalq” adlandırılması da təsadüfi olmayıb. Slovaklardan başqa, onun tərkibinə macarlar, çexlər, polyaklar, fransızlar, ingilislər və bir çox almanlar daxil olub.

22 yaşlı mayor adi oğlana oxşayıb, amma yaşlı kişilərə əmr edib. Bir çox şərqlilərin saqqalı kimi, onun da saqqalı qalın və qara olub. Məhz buna görə Murzin “Qara general” ləqəbini qazanıb. Partizanlar fəal və cəld olublar, 60 hərbi qatarı relsdən çıxarıblar, Hitler özü də vəziyyəti düzəltmək üçün hadisə yerinə uçub.
Həmin vaxt Hitler partizan dəstəsinin komandirini şəxsi düşmənləri siyahısına əlavə edib. Murzinin adı Stalin, Çörçill və Ruzveltlə yanaşı yazılıb. Hitler partizanı ələ keçirmək işini İtaliya diktatoru Mussolinini həbsdən uğurla xilas edən Otto Skorseninin özünə həvalə edib. Skorseni tapşırığı həvəslə yerinə yetirməyə başlayıb. Vərəqələrdə “Qara general”ın ələ keçirilməsi üçün mükafat vəd edilib. Onun başına
1 milyon marka pul kəsilib. Bu, Reyx tarixində ən yüksək ənam olub.
SS oberşturmbanfüreri bununla kifayətlənməyib; cəza əməliyyatı başladıb. Murzinin xatirələrinə görə, əməliyyat o qədər genişmiqyaslı olub ki, briqadanın partizan bölmələri Slovakiya sərhədinə çəkilib. Partizanların əvvəllər yerləşdiyi kənd təyyarələrlə bombalanıb və sonra tanklarla yerlə-yeksan edilib. Bütün sakinlər həlak olub. Skorseni Hitlerə “Qara general”ın məhv edildiyini bildirib. Lakin bir müddət sonra ona məlumat verilib ki, “məhv edilən” partizan Almaniyanın tank qoşunları generalı Ditrix fon Mülleri əsir götürüb.

Müharibə bitdikdən sonra Dayan Murzin bölməsinin radio operatoru Nadejda Yermakova ilə evlənib. Onlar ərinin vətəni Başqırdıstana köçüblər və 50 ildən çox birlikdə yaşayıblar. O, hüquq-mühafizə orqanlarında çalışıb, Başqırd MSSR daxili işlər nazirinin kadrlar üzrə müavini və respublika prokurorluğunda şöbə müdiri vəzifələrində işləyib. 1969-cu ildən 17 il Başqırdıstanda vəkillər kollegiyasına rəhbərlik edib.
Dayan Murzin Çexoslovakiyanın bütün ən yüksək mükafatlarını alıb və 16 şəhərin fəxri vətəndaşı olub. İngilis yazıçısı onun haqqında kitab yazıb və onu ingilis oxucularına təqdim edərək Murzinin tərcümeyi-halının istənilən Ceyms Bond hekayəsini kölgədə qoyduğunu bildirib. Henrix Hoffmann 1970-ci ildə SSRİ-də “Qara general” povestini nəşr etdirib.
Mənbə: Musavat.com