Kaliforniya Universiteti tərəfindən aparılan yeni araşdırma, ən çox rast gəlinən böyrək daşı növü olan kalsium oksalat (CaOx) daşlarında bakteriyaların mövcudluğunu üzə çıxarıb.
E-saglam.az xəbər verir ki, bu kəşf böyrək daşlarının əmələ gəlməsinə dair illərdir qəbul edilən elmi fərziyyələri yenidən nəzərdən keçirməyə əsas yaradır və gələcək müalicə yanaşmalarının istiqamətini dəyişə bilər.
Tədqiqat Kaliforniya Universitetinin Los-Anceles kampusunun (UCLA) rəhbərliyi ilə aparılıb və nəticələr tezliklə Milli Elmlər Akademiyasının Proceedings (PNAS) jurnalında dərc ediləcək. Aparıcı tədqiqatçı Kymora Scotland bildirib ki, bakteriyalar daşların içində yalnız mövcud olmaqla kifayətlənmir, həm də onların əmələ gəlməsinə aktiv təsir göstərə bilər. Alim bu tapıntının “böyrək daşlarının mikrobioloji mühitini hədəfləyən yeni müalicə strategiyalarına yol açacağını” qeyd edib.
Hazırda dünyada hər 11 nəfərdən biri böyrək daşı problemini yaşayır. Ailə tarixi, metabolik sindrom, yetərsiz maye qəbulu və sidikdə kristalların yığılması əsas risk faktorları sayılır. Daşlar sidikdəki kristalların böyüyərək normal axımdan keçə bilməyəcək ölçüyə çatması nəticəsində formalaşır.
Əvvəllər bəzi nadir daş növlərində bakteriyaların olması məlum olsa da, kalsium oksalat daşlarında onların aşkarlanması ilk dəfədir qeydə alınır. Araşdırmada elektron və flüoresans mikroskopiyasından istifadə olunaraq daşların daxilində kristallara inteqrasiya olunmuş canlı bakteriyalar və biofilm təbəqələri müşahidə edilib.
Mütəxəssislər bildirirlər ki, bu tapıntı təkrarlayan sidik yolu infeksiyaları ilə təkrarlayan böyrək daşları arasındakı əlaqənin daha dərindən anlaşılmasına kömək edə bilər. Tədqiqat hələlik yalnız kalsium əsaslı daşlara fokuslansa da, bakteriyaların daş strukturu ilə qarşılıqlı təsirinin hansı mexanizmlərlə baş verdiyi hələ də araşdırılır.
Scotland qeyd edib ki, müxtəlif elm qrupları artıq bakteriyaların böyrək daşlarının nüvəsini necə formalaşdırdığını və niyə bəzi insanların təkrarlanan daş əmələ gəlməsinə daha həssas olduğunu öyrənmək üçün genişmiqyaslı tədqiqatlar aparır.
Tərcümə: Könül Oruc
E-saglam.az