AZ

İranda ardıcıl partlayışlar – ABŞ və İsrail cənub qonşumuzu daxildənmi vurur?

İranın Bəndər-Abbas, Əhvaz, Qəsri-Şirin və Abadan şəhərlərində ən azı 4 güclü partlayış baş verib.

Musavat.com bildirir ki, bu barədə hərbi müxbir Oleq Bloxinin Telegram kanalı məlumat yayıb.

Onun sözlərinə görə, adı çəkilən şəhərlərin hamısı ya strateji obyektdir, ya dəniz bazalarına malikdir, ya da İraqla sərhəddə yerləşir.

Bəndər-Abbasda İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin öldürülməsi ilə bağlı təsdiqlənməmiş xəbərlər var. Bəndər-Abbasdan dərc olunmuş görüntülərdə partlayışın gücü, dəyən ziyan da aydın müşahidə olunur.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalara başlanılıb, bundan sonra ölənlərin yekun sayı açıqlanacaq.

Bəndər-Abbasda yaşayış binasında baş verən partlayış yerindən videokadrlar yayılıb.

“Tasnim” xəbər agentliyi bir nəfərin öldüyünü bildirir.

Bəndər-Abbasda dağılmış binanın bütün sakinləri təxliyə edilir.

Bloxin həmçinin bildirib ki, Parand şəhərində partlayış xəbərləri var.

Baş verənlərlə bağlı Gunaz.tv də ilginc məlumatlar yayıb. Bildirilir ki, ilkin məlumatlara görə, bu gün Bəndər-Abbas şəhərində, Müəllim prospektində yerləşən səkkizmərtəbəli yaşayış binasında güclü partlayış baş verib. Hadisə yerli vaxtla təxminən saat 13:00–14:00 aralığında qeydə alınıb. Partlayışın gücü nəticəsində binanın azı iki mərtəbəsi dağılıb, ətrafdakı bir neçə avtomobil və mağaza da zərər görüb.

İran rəsmiləri partlayışın dəqiq səbəbinin hazırda araşdırıldığını bildiriblər. Rəsmi mənbələrin ilkin açıqlamalarında qaz sızması ehtimalı irəli sürülsə də, sosial şəbəkələrdə və yerli istifadəçilər arasında müxtəlif şayiələr və fərqli versiyalar yayılmaqdadır.

Sosial media istifadəçiləri hadisə yerindən görüntü və videolar paylaşaraq iddia ediblər:

“Bəndər-Abbas, Azadəqan məhəlləsində iki-üç böyük partlayış baş verdi… şahidlər bunun raket olduğunu deyir”.

Başqa bir istifadəçi “Flight Radar”a istinad edərək yazıb:

“ABŞ-yə məxsus təyyarə Bəndər-Abbasda partlayışla eyni vaxtda İran hava məkanına daxil olub”.

Bəziləri isə hadisəni “pilotsuz uçuş aparatı və raket hücumuna bənzər” kimi təsvir ediblər.

Yerli mənbələrin yaydığı məlumatlarda deyilir:

“Bu, qaz partlayışı olmayıb, guya hədəfli bir sui-qəsddir”.

Bəzi istifadəçilər partlayışın İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, general Əlirza Tənqsiri ilə əlaqəli bir məkanda baş verdiyini iddia ediblər.

İstifadəçilərdən biri yazıb:

“SEPAH-ın dəniz qüvvələrinin komandanı general Tənqsirinin evi hədəf alınıb”.

Eyni zamanda “ABŞ təyyarəsinin partlayışla eyni vaxtda daxil olması” və ya “İsrail əməliyyatına bənzərlik” kimi ehtimallar da sosial şəbəkələrdə müzakirə olunur.

Bu məlumatın hazırlandığı vaxta qədər rəsmi olaraq itkilər barədə açıqlama verilməyib. Lakin qeyri-rəsmi məlumatlarda azı 4 nəfərin həlak olduğu, təxminən 10 nəfərin isə yaralandığı bildirilir. Yerli rəsmilər araşdırmalar başa çatdıqdan sonra əlavə məlumatların açıqlanacağını vəd ediblər.

Hadisə ilə bağlı görüntülərin, videoların və ziddiyyətli iddiaların geniş yayılması ictimai rəy və media məkanında gərginliyi daha da artırıb.

Qeyd edək ki, Bəndər-Abbas İranın cənubunda, Hörmüzqan vilayətində, Ərəb körfəzi və Hörmüz boğazı sahilində yerləşir və önəmli liman şəhərlərindəndir.

İddialar var ki, ABŞ və İsrail kəşfiyyatı İranı daxildən vurmağa başlayıb.

Bu arada, ABŞ-nin İrana hava zərbələri endirəcəyi barədə ehtimallar səslənməkdədir.

Seçilən
12
editor.az

1Mənbələr