AZ

Rəşad Sadıqov: “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Baxımlı, maraqlı oyun alındı. Birinci hissədə 0:3 hesabıyla məğlub durumda idik. Halbuki, oyun bərabər səviyyədə keçirdi. Futbolçularımın çıxışından razı idim. Sadəcə, rəqib əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. Biz isə əksinə, epizodları dəyərləndirə bilmədik. Belə olan halda ilk hissədən sonra gözlənilməz hesab var idi. İkinci yarıda futbolçular oyundan qopmadılar, sona qədər mübarizə apardılar. Sonda standart vəziyyətdən fərqləndik. Amma oyunu çevirmək çətin görünürdü. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oyunlarımızdan birini keçirdik.

3 qol buraxsaq da, burada rəqibin ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. İlk 30 dəqiqədə xırda səhvlərdən istifadə etdilər və dərhal bizi cəzalandırdılar. Başqa bir səbəb görmürəm. Futbolçularım taktiki cəhətdən verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Bu gün hər şey rəqib üçün uğurlu alınırdı, bizim üçün isə əksinə.

Hakimlik haqda danışıb rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu. Son fazada rəqib daha dəqiq idi. Buna görə də qələbə qazandılar”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
9
17
arena.az

10Mənbələr