Kanada ilə Danimarka 38 il Arktikada güllə yox, bayraq və spirtli içki ilə “döyüşüb”...
Poliqon xəbər verir ki, dünya tarixində ən qeyri-adi mübahisələrdən biri Kanada ilə Danimarka arasında baş verən və “Viski müharibəsi” adlanan qarşıdurma olub. Adından da göründüyü kimi, bu “müharibə” qan, dağıntı və silahlı toqquşmalarla deyil, simvolik jestlər — bayraq dəyişdirmə və spirtli içki “hədiyyə etmə” ilə yadda qalıb.
Mübahisənin mərkəzində Arktikada yerləşən, kiçik və yaşayış olmayan Hans adası dayanıb. Buzlaqların ortasında sadəcə qayalıq parçasını xatırladan bu ərazi uzun illər iki ölkə arasında sərhəd mübahisəsinin predmetinə çevrilib.
Məlumata görə, “döyüş əməliyyatları” 1984-cü ildə başlayıb. Həmin il Kanadaya məxsus hərbi dəstə adaya çıxaraq Kanada bayrağını sancıb və nümayişkaranə şəkildə “Canadian Club” viskisinin bir şüşəsini adada qoyub. Bir həftə sonra isə Danimarka tərəfi adaya gəlib, Kanada bayrağını endirərək öz bayrağını qaldırıb və qarşılığında bir şüşə şnaps buraxıb. Hətta yanında “Danimarkaya xoş gəlmisiniz” qeydi də yerləşdirilib.
Bu “mədəni müharibə” onilliklər boyunca davam edib. Tərəflər mütəmadi olaraq adaya eniş edir, bayraqları dəyişir və “qənimət” kimi spirtli içki qoyaraq qarşı tərəfə simvolik mesaj göndərirdilər. Maraqlıdır ki, bu qarşıdurma zamanı heç bir güllə atılmayıb, insan itkisi qeydə alınmayıb — “zərər çəkən” yalnız zarafatla desək, qaraciyər olub.
Münaqişə yalnız 2022-ci ildə rəsmi şəkildə həll edilib. Razılaşmaya əsasən, Hans adası iki ölkə arasında bölünüb və beləliklə, illərlə davam edən sərhəd mübahisəsinə son qoyulub. Bu hadisə beynəlxalq münasibətlər tarixində sülh yolu ilə, diplomatik və yumorla müşayiət olunan nadir konflikt nümunələrindən biri kimi qiymətləndirilir.
Poliqon.info