AZ

ABŞ İrana hücum etsə: Azərbaycan üçün risklər və təhlükəsizlik...

ABŞ ilə İran arasında artan hərbi-siyasi gərginlik təkcə regionda sabitliyi pozmur, eyni zamanda Azərbaycanın milli təhlükəsizliyi üçün də ciddi risklər yarada biləcək nəticələr vəd edir.

Rəsmi Bakı münaqişədən kənarda qalmaq xəttini qorusa da, mümkün hərbi əməliyyatların yaratdığı fəsadlar - humanitar böhran, miqrasiya təzyiqi və sərhəd təhlükəsizliyi riskləri - Azərbaycan üçün real çətinliklər yarada bilər.

Müharibənin siyasi-hərbi nəticələri ilə yanaşı, onun İran daxilində yaradacağı sosial-iqtisadi çöküş də region üçün ciddi çətinliklər yarada bilər.

Hərbi zərbələrdən daha təhlükəli mərhələ: sosial və iqtisadi iflic

Xarici siyasət üzrə ekspert Tofiq Zülfüqarovun vurğuladığı kimi, ehtimal olunan ssenaridə genişmiqyaslı qurudan əməliyyatlar gözlənilmir. Zərbələr daha çox kritik infrastruktur obyektlərinə yönələ bilər ki, bu da, İranın idxaldan yüksək asılılığı fonunda qısa müddətdə ərzaq və gündəlik istehlak mallarının təchizatının dayanmasına, yanacaq istehsalı və daşınmasının pozulmasına, daxili logistika və kommunikasiyaların iflicinə, kəskin sosial gərginlik və aclıq riskinin artmasına səbəb ola bilər.

“İranda əhali üçün vacib olan malların 85 faizi idxal yolu ilə təmin olunur və bu mallar, əsasən, Fars Körfəzindəki limanlar vasitəsilə daşınır. Bu idxal dayansa, sosial gərginlik qaçılmazdır.

Yanacaq zavodlarının azlığı və daxili kommunikasiyaların pozulması vəziyyəti daha da ağırlaşdıracaq. Bu səbəbdən böyük qaçqın axını gözlənilir, əsas istiqamət Türkiyədir. Amma qaçqınlar bunu zərbələrdən yox, ağırlaşmış həyat şəraitindən dolayı edəcəklər”, Tofiq Zülfüqarov deyib.

Qaçqın axını ehtimalı: humanitar məsələ yox, milli təhlükəsizlik problemi

Azərbaycan təhlükəsizlik orqanlarının vaxtı ilə İran üzrə ixtisaslaşmış əməkdaşı, hazırda təqaüddə olan Cavanşir Vəliyev qeyd edir ki, Azərbaycan sərhədi texniki və fiziki baxımdan çox güclü mühafizə olunsa da, İran tərəfində zəif sərhəd nəzarəti səbəbindən kütləvi keçidlərin qarşısını tam almaq mümkün olmaya bilər.

Tarixi təcrübə göstərir ki, böyük dövlətlər də qısa müddətdə belə axınları idarə etməkdə çətinlik çəkiblər.

“1980-ci illərdə İrandan Azərbaycana kütləvi qaçqınlar keçmişdi. O zaman mən Dövlət Təhlükəsizlik Komitəsində işləyirdim. SSRİ kimi böyük bir dövlət onların problemlərini tam həll edə bilmirdi. Onları yerləşdirmək, işlə, evlə təmin etmək çətin idi.

Belə bir hadisə yenidən baş versə, Azərbaycan ciddi problemlərlə üzləşə bilər. Sərhəddən keçə biləcək qrupların kim olacağı məlum deyil. Çünki İranda həm radikal dini qruplar, həm də terror təşkilatları fəaliyyət göstərir. Bu səbəbdən məsələ sadəcə humanitar deyil, birbaşa milli təhlükəsizlik problemi kimi də dəyərləndirilməlidir” -  Cavanşır Vəliyev “Yeni Sabah”a müsahibəsində bildirib.

Türkiyənin Suriyada yaratdığı təhlükəsizlik bölgəsi modeli: Azərbaycan üçün tətbiq oluna bilərmi?

Müzakirə olunan əsas mövzulardan biri Türkiyənin Suriyada tətbiq etdiyi təhlükəsizlik bölgəsi modelinin Azərbaycan tərəfindən İran istiqamətində mümkünlüyüdür. Lakin ekspertlərin ortaq mövqeyinə görə, bu iki vəziyyət arasında prinsipial fərqlər var.

Xarici siyasət məslələri üzrə ekspert, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Türkiyənin Suriyada təhlükəsizlik bölgəsi yaratması uzunmüddətli müharibə, quruda əməliyyatlar, etnik təmizləmələr və dövlət nəzarətinin çökməsi fonunda mümkün olub. İranda isə belə ssenari gözlənilmir.

“Türkiyədə təhlükəsizlik zolaqları quruda baş verən əməliyyatlar, toqquşmalar  və etnik təmizləmələr nəticəsində yaranan qaçqınlara görə qurulurdu. Amma İrandakı hərbi əməliyyatların xüsusiyyəti fərqlidir: xarici əsgər onların evlərinə daxil olmayacaq. Ona görə də, qaçqınlar ehtimalı və təhlükəsizlik zolağı yaratmaqla bağlı fikirlər indiki mərhələdə tezdir”, o deyir.

Türkiyənin Suriyada yaratdığı təhlükəsizlik zolağı modelinin Azərbaycan-İran sərhədində yaradılması mümkünlüyü ilə bağlı milli təhlükəsizlik məsələləri üzrə ekspert Cavanşir Vəliyev deyib ki, bunun üçün Türkiyə uzun və çətin yol keçib.

Onun fikrincə, Türkiyənin Suriyada türkmənlərlə apardığı işi Azərbaycan indiyə qədər İrandakı azərbaycanlılar arasında həyata keçirə bilməyib. “Bu, Azərbaycanın zəifliyi ilə bağlı deyil, imkanların məhdudluğuna görə olub. Azərbaycan müharibədən yeni çıxmış dövlətdir və cəmi 6 ildir, ərazi bütövlüyünü tam təmin edib. Üstəlik, Azərbaycanın ərazi bütövlüyümüzü təmin etməyə qarşı mübarizə aparan ölkələrdən biri də məhz İran olub. Əgər Azərbaycanın maliyyə imkanları daha güclü, ordusu Türkiyə ordusu səviyyəsində olsaydı, İranla təhlükəsizlik zolağının yaradılması üçün tədbirlər həyata keçirmək mümkün olardı. Amma, hələ ki, bu, mümkün olan şey deyil”, deyə C.Vəliyev əlavə edib.

Azərbaycanın manevr imkanları: diplomatiya və qabaqlayıcı planlama

Ekspertlərin qənaətinə görə, Azərbaycan bu mərhələdə diplomatik və siyasi imkanlardan maksimum istifadə etməlidir. Tofiq Zülfüqarovun fikrincə, Azərbaycan öz siyasi imkanlarından istifadə edərək, mümkün siyasi razılaşmaları əldə etmək üçün lazımi addımlar atmalıdır.

“Dövlət başçısı İlham Əliyevin siyasi nüfuzu yüksək olduğu üçün dövlət rəhbərləri ilə birbaşa əlaqələri gərginliyin azaldılması, humanitar fəlakətin qarşısının alınması, mümkün qaçqın axınının məhdudlaşdırılması baxımından mühüm rol oynaya bilər”, Azərbaycan xarici siyasət idarəsinin keçmiş rəhbəri əlavə edib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr