AZ

İrandan Türkiyəyə gözlənilməz mesaj – nüvə ilə bağlı açıq mövqe – GİZLİ HESABLAR

İran bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə dair “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Ərdoğanla iki ölkəni də maraqlandıran regional məsələlər barədə müzakirələr aparmaqdan hər zaman məmnunluq duyur:

“Söhbətimiz zamanı bir daha vurğuladım ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və xalqımızın qanuni mənafelərinə cavab verən ədalətli və bərabərhüquqlu nüvə sazişini qəbul etməyə hazırdır; bura “Nüvə Silahına Yox” prinsipinin təmin edilməsi və sanksiyaların ləğvinə zəmanət verilməsi daxildir”.

“Digər qardaş qonşularla yanaşı, Türkiyə də bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində öz xoşməramlı səylərini göstərib. İran İslam Respublikası bu cür səylərə görə minnətdardır və onları alqışlayır”, – deyə vurğulayan Əraqçi bildirib ki, İran regionda sülh və sabitliyi qorumaq, həmçinin onu qanunsuz təcavüzlərdən müdafiə etmək üçün region dövlətləri ilə əməkdaşlığa hər zaman hazırdır.

Qabil
Qabil Hüseynli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İranın Türkiyəyə sülh və sabitlik səylərinə görə təşəkkür etməsi regionda artan hərbi-siyasi gərginlik fonunda daha çox strateji mesaj xarakteri daşıyır:

“Tehran bu addımla həm ABŞ və İsrailin təzyiqləri qarşısında regional dialoqa açıq olduğunu nümayiş etdirir, həm də mümkün qarşıdurmanın məsuliyyətini üzərindən kənarlaşdırmağa çalışır. Xüsusilə nüvə proqramı ilə bağlı vurğulanan “nüvə silahına yox” mövqeyi beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi siqnaldır və əsas məqsəd sanksiyaların ləğvinə zəmin yaratmaqdır.

Bu kontekstdə Türkiyənin ön plana çıxarılması təsadüfi deyil. Ankara həm region ölkəsi, həm də Qərblə əlaqələri olan aktor kimi İran üçün vacib diplomatik kanaldır. İran Türkiyənin vasitəçilik rolunu qabartmaqla regional təcrid görüntüsünü zəiflətməyə və gərginliyin hərbi fazaya keçməsinin qarşısını almağa çalışır”.

“Mövcud proseslər göstərir ki, İran regional əməkdaşlıq görüntüsü yaratmaqla öz təhlükəsizlik narahatlıqlarını yumşaq diplomatiya vasitəsilə balanslaşdırmaq niyyətindədir. Lakin bu, regionda risklərin aradan qalxdığı anlamına gəlmir. İran–ABŞ və İsrail xəttində gərginlik qalmaqda davam edir və bu fonda Türkiyənin balans siyasəti həm regional sabitlik, həm də öz milli maraqları baxımından həlledici rol oynayır”, – politoloq qeyd edib.

Atilla Rzasoy

Seçilən
29
nocomment.az

1Mənbələr