Şirvan, 31 yanvar, AZƏRTAC
Şirvanda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər – bugünün gücü, sabahın təminatıdır” mövzusunda tədbir keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla anılıb.
“Şirvan Gənclər evi” Sosial Xidmət Müəssisəsində davam edən tədbirdə Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, icra hakimiyyətinin məsul şəxsləri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər gənclərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Çıxış edənlər dövlət gənclər siyasətinin ölkədə gənclərin hərtərəfli inkişafına geniş imkanlar yaratdığını bildirib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycan gəncliyinin vətənpərvərliyinin parlaq nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin gənclərin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Tədbirdə videoçarx nümayiş etdirilib, şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gənc Şirvan Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub.