Qazax, 31 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
“Qazax Gənclər evi” sosial xidmət müəssisəsində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Qazax Rayon İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin və “Qazax Gənclər evi” SXM-nin birgə tərəfdaşlığı ilə baş tutub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlayıb. İştirakçılar Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.
Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması və inkişaf mərhələlərindən söz açaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin bu gün də uğurla davam etdirildiyini bildiriblər. Qeyd edilib ki, gənclər cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və düzgün, vətənpərvər, peşəkar və məsuliyyətli vətəndaş yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin gənclər siyasətinin davamlı və sistemli xarakter daşıdığını, gənclərin ölkənin inkişafında aparıcı qüvvələrdən biri kimi çıxış etdiyini qeyd ediblər.
Vurğulanıb ki, gənclərin sosial, siyasi və intellektual inkişafı dövlət üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə qəbul edilən qərarlar ölkənin uzunmüddətli inkişaf hədəflərinə xidmət edir.
Tədbirdə gənclər siyasətinin həyata keçirilməsində və Qazax rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup gənc Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları və hədiyyələri ilə təltif olunublar.
Tədbir Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin təqdimatında bədii hissə ilə davam etdirilib.