Bakı, 31 yanvar, Pərvanə Qafarova, foto - İlkin Cavanşirov, AZƏRTAC
Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində vahid və şəffaf idarəetmə sistemi formalaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən elmi-praktiki dəyirmi masada çıxışı zamanı məlumat verib.
Nazir müavini qeyd edib ki, 2022-ci ildə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti nəticəsində ölkədə transplantasiyaların aparılması, donor və resipientlərin qeydiyyatı, gözləmə siyahılarının formalaşdırılması və əməliyyatların monitorinqi sistemləşdirilib.
“Mərkəz yaradılanadək transplantasiyalar sporadik xarakter daşıyırdı və vahid statistika mövcud deyildi. Hazırda isə bütün proseslər şəffaf mexanizmlər əsasında həyata keçirilir, donorların könüllülüyü xüsusi mexanizmlərlə yoxlanılır, etik məsələlərə ciddi nəzarət olunur”, – deyə Nadir Zeynalov bildirib.
Nadir Zeynalov əlavə edib ki, transplantasiya sisteminin rəqəmsallaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.