AZ

Abit Əliyevə 50 milyonluq tender bəs etmədi?..

Bakı şəhərinin abadlıq və yenidənqurması, dövlət mənzil fonduna aid binaların əsaslı təmiri məqsədilə irimiqyaslı layihələşdirmə işlərinə start verilir...

Poliqon bizimesr.az portalına istinadən xəbər ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən paytaxt ərazisində həyata keçiriləcək abadlıq və təmir işləri üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 4 442 475,80 manat dəyərində tender elan edilib.

Tender çərçivəsində Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid binaların əsaslı təmiri üçün tələb olunan mühəndislik və layihə sənədlərinin hazırlanması nəzərdə tutulur. Eyni zamanda səkilərdə, həyətyanı sahələrdə, park və bağlarda aparılacaq abadlıq və yenidənqurma işləri də bu layihəyə daxil edilib.

Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, tenderin texniki detalları, konkret ünvanlar, görüləcək işlərin həcmi və mərhələləri  yenə açıqlanmayıb. Başqa sözlə, milyonlarla manatlıq layihə “ümumi ifadələr” üzərində qurulub.

Ümumiyyətlə, son illər Bakı şəhərində keçirilən iri tenderlərin əksəriyyətində konkretlik və ətraflı məlumatlar yer almır, hətta işlər başa çatdıqdan sonra belə yekun hesabatlar ictimaiyyət üçün açıq olmur.

Maraqlıdır, dəyəri 5 milyon manata yaxın olan bu tender konkret olaraq hansı işləri görəcək?

Dövlət mənzil fonduna aid binaların əsaslı təmiri üçün mühəndislik və layihə sənədlərinin hazırlanması real bazar qiymətləri ilə neçə milyon manat təşkil etməlidir?

Daha vacib sual isə başqadır.

2019-cu ilin fevralında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC indiyədək neçə belə tender elan edib?

Cavab isə var - hər il milyonlarla manatlıq tenderlər... 

Cəmi bir faktı xatırlatmaq yetər. 2025-ci ilin fevral ayında “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC cəmi bir gün ərzində 48,5 milyon manatlıq tender elan etmişdi.  Bu barədə Dövlət Satınalmalarının Vahid İnternet Portalında açıq məlumatlar mövcuddur. Məlumata əsasən, tenderlər Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı, eləcə də Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarında yerləşən dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması ilə bağlı olub. Tenderlərin ehtimal olunan qiyməti müvafiq olaraq 24 500 000 manat və 24 000 000 manat təşkil edib. Yəni, cəmi iki tender - təxminən 50 milyon manat edirdi.

Bəs indi bu layihələr niyə yenidən hazırlanır?

2026-cı ilin yanvarında elan edilən yeni tenderdə isə yenidən dövlət mənzil fonduna aid binaların əsaslı təmiri üçün mühəndislik və layihə sənədlərinin hazırlanmasından söhbət gedir. Bu isə ciddi məntiqi suallar yaradır - 2025-ci ildə ayrılan 50 milyon manatlıq tender zamanı bu layihə-smeta sənədləri hazırlanmayıbmı?

Əgər hazırlanıbsa, niyə indi eyni sənədlər üçün yenidən milyonlarla manat ayrılır? Yox, əgər hazırlanmayıbsa, o zaman 50 milyon manat hansı əsasla xərclənib? Axı dövlət mənzil fonduna aid binaların təmiri üçün satınalma aparılırsa, bu işlər layihə və mühəndislik sənədləri olmadan necə icra olunub?

Cavabsız suallar və çarpaz mexanizm

Məsələ ondadır ki, bu tenderlər ictimai nəzarətə açıq deyil, texniki sənədlər, icra prosesləri və yekun nəticələr cəmiyyətlə paylaşılmır. Nəticədə milyonlarla manatlıq xərclər fonunda real görülən işlər barədə aydın təsəvvür formalaşmır.

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin direktoru Abit Əliyevdir. Onun Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxs olduğu iddia edilir. Bu iddialar və açıqlanmayan tender detalları fonunda Bakı şəhərində aparılan abadlıq və təmir işlərinin şəffaflığı və səmərəliliyi ciddi sual altına düşür.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr