Rusiya Xarici İşlər Nazirliyi Qazax–İcevan dəmir yolu xəttinin Ermənistandan keçən hissəsini ekspertizadan keçirəcək. Bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova bildirib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın rusiyalı tərəfdaşlar Türkiyə və Azərbaycan sərhədindəki dəmir yolu hissələrinin bərpasında iştirakdan imtina edəcəyi təqdirdə İrəvanın layihəni müstəqil şəkildə həyata keçirəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən bunu deyib:
“Dəmir yolunun bərpası məsələsi, o cümlədən Rusiya Dəmir Yollarının ekspertizasının mümkün cəlb edilməsi ilə bağlı müzakirələr hələ ilkin mərhələdədir. Birgə məsləhətləşmələrə dair təklifimiz qüvvədə qalır”.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Züriyyə Qarayeva bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin Qazax–İcevan dəmir yolu xəttinin Ermənistan ərazisindən keçən hissəsinin ekspertizadan keçirilməsi ilə bağlı açıqlaması Moskvanın regiondakı nəqliyyat proseslərindən tam kənarda qalmaq niyyətində olmadığını göstərir:
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın vurğuladığı kimi, məsələ hələ ilkin müzakirə mərhələsindədir və Rusiya Dəmir Yollarının mümkün cəlb edilməsi texniki baxımdan gündəmdə saxlanılır. Bu yanaşma Moskvanın Cənubi Qafqazda formalaşan yeni nəqliyyat konfiqurasiyalarında söz sahibi olmaq istəyinin davam etdiyini və prosesləri müşahidəçi mövqedən izləmək niyyətində olmadığını göstərir.
Digər tərəfdən, Nikol Paşinyanın layihənin rus tərəfdaşları iştirak etməsə belə Ermənistan tərəfindən müstəqil şəkildə icra edilə biləcəyini deməsi İrəvanın daha geniş manevr imkanları axtardığını ortaya qoyur. Bu həm Rusiyaya ünvanlanan siyasi mesaj xarakteri daşıyır, həm də Ermənistanın regional kommunikasiyaların bərpasında alternativ tərəfdaşlarla işləmək ehtimalını gündəmə gətirir. Lakin reallıq ondan ibarətdir ki, bu cür layihələr təkcə texniki deyil, eyni zamanda ciddi siyasi razılaşmalar tələb edir və Azərbaycan–Türkiyə–Ermənistan üçbucağında balanslı qərarlar olmadan uzunmüddətli nəticə verməkdə çətinlik çəkə bilər”.
Atilla Rzasoy