Bakıda “Şəxsi İnkişafda İnnovasiya və Rəqəmsallaşmanın Rolu” mövzusunda forum keçirilib.
Publika.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən forum Azərbaycan Gəncləri Gününə həsr olunub. Forumun əsas məqsədi rəqəmsallaşma və innovasiyanın şəxsi inkişafa təsiri, gənclərin müasir dövrün tələblərinə uyğun bacarıqlarının formalaşdırılması, eləcə də bu istiqamətdə dövlət və özəl sektor tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumatlılığın artırılması olub.
Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklar ilə iş şöbəsinin müdiri Elvin Hacıyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək forumun əhəmiyyətindən bəhs ediblər. Çıxışlar zamanı innovasiya və rəqəmsal dəyişimin insan kapitalının inkişafında rolu, gənclərin bu proseslərə adaptasiyası və mövcud
imkanlar haqqında məlumat verilib. Forum çərçivəsində “Şəxsi İnkişafda İnnovasiya və Rəqəmsallaşmanın Rolu” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Pərviz Mirələmli, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Hamlet Məmmədov, “LTC Lab”ın həmtəsisçisi Əli Xəyyam və “SABAH.fund” vençur kapital fondunun investoru Məsud Alısoy spiker qismində çıxış ediblər. Panel müzakirəsi zamanı gənclərin şəxsi inkişafında innovativ və rəqəmsal layihələrin rolu, rəqəmsallaşma dövründə fərdi inkişaf üçün strateji yanaşmalar, innovasiya ekosisteminin şəxsi inkişafa təsiri, eləcə də rəqəmsal bacarıqların və innovativ düşüncənin investisiya dəyəri ətrafında müzakirələr aparılıb.