ASELSAN şirkəti hər il artan ixrac gücü ilə təkcə texnologiyasını deyil, Türkiyəyə olan etibarı da dünyaya daşıyır.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol özünün “X” hesabında paylaşım edib.
Baş direktor bildirib ki, 2025-ci ildə ASELSAN 58 ölkə ilə dəyəri 2 milyard ABŞ dollarından artıq yeni ixrac müqaviləsi, 16 məhsul üzrə ilk ixrac müqaviləsi və 3 yeni ölkə ilə ilk dəfə ixrac müqaviləsi imzalayıb. Bununla da şirkətin məhsul ixrac etdiyi ölkələrin sayı 95-ə çatdırılıb.
“Hava hücumundan müdafiə, radar, elektron müharibə, idarə olunan sursat və rabitə sahələrində birbaşa ixracla yanaşı, təyyarə, PUA, gəmi və quru platformaları üçün təqdim etdiyimiz sistemlərlə də ixracda böyüməyə davam edəcəyik”, – deyə A.akyol vurğulayıb.
Qeyd edək ki, ASELSAN Türkiyə müdafiə və aviasiya sənayesi sektorunda 2025-ci ildə ən çox ixrac həyata keçirən şirkətlər arasında 6-cı yerdə, Hərbi Elektronika, Radarlar və Simulatorlar Qrupu üzrə isə birinci pillədə qərarlaşıb.