Araz Dadaşzadə – 90
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış ədəbiyyatşünas Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli məclisi giriş sözü ilə açaraq bildirib ki, unudulmaz elm xadimi Araz Dadaşzadənin ötən əsrin 70–90-cı illərində apardığı tədqiqatlar, xüsusilə Molla Pənah Vaqifə, Qarabağ ədəbi mühitinə, onun görkəmli simalarına həsr etdiyi elmi əsərlər bu gün də milli ədəbi irsin öyrənilməsində dəyərli mənbələr sırasında önəmini qoruyub saxlayır.
Akademik qeyd edib ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında ərsəyə gətirdiyi əsər klassik poeziyamızın ilkin islahatçısı haqqında qiymətli monoqrafik tədqiqatlardan biridir. Alimin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabı ölkəmizdə bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat, həmin dövrün yaradıcı adamlarına kompleks yanaşma nümunəsidir. Araz Dadaşzadə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru kimi məsul vəzifəyə qədər elmi yüksəliş yolu keçib və ədəbiyyatşünaslığımızda olduğu kimi, ensiklopediya nəşri sahəsində də samballı xidmət göstərib.
Elmi sessiyanın davamında filologiya elmləri doktorları Vaqif Yusifli və Cavanşir Yusifli, yubilyarın övladları – filologiya üzrə elmlər doktoru Zümrüd Dadaşzadə və fəlsəfə doktoru Aqşin Dadaşzadə həmçinin, digər çıxış edənlər unudulmaz alimin elmi-mədəni aləmdə qazandığı uğurlardan və yüksək ziyalılığından söhbət açıblar.
Alimin həyat və elmi fəaliyyətindən bəhs edən videoçarx onun yaradıcılıq yoluna işıq salıb.
Qabil ƏLİYEV
XQ