AZ

Venesuelada bütün məhbuslara amnistiya elan edildi

Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodrigez ölkədə “ümumi amnistiya qanunu”nun qəbul ediləcəyini və işgəncə iddiaları ilə gündəmə gələn El Helikoide həbsxanasının bağlanacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Karakasda məhkəmə ilinin açılış mərasimində çıxış edən Delsi Rodrigez bildirib ki, Venesuela üçün bir elan vermək istəyir:

“Bu, həmçinin daim fikir mübadiləsi apardığımız sabiq dövlət başçısı Nikolas Maduro və onun həyat yoldaşının ortaq qərarıdır. Ümumi amnistiya qanununun həyata keçiriləcəyini elan edirəm”.

Delsi Rodrigez müxalifət və bəzi QHT-lər tərəfindən işgəncə iddiaları ilə gündəmə gətirilən El Helikoide həbsxanasının da bağlanacağını vurğulayaraq deyib: 

“Hazırda saxlanma mərkəzi kimi fəaliyyət göstərən El Helikoide obyektlərinin polis ailələri və ətraf məhəllələr üçün sosial, idman, mədəni və ticarət mərkəzinə çevrilməsi qərarına gəldik”.

O qeyd edib ki, ümumi amnistiya qanunu qətl, narkotik qaçaqmalçılığı, korrupsiya və insan hüquqları pozuntularını əhatə etmir.

“Qisasçılığın, intiqamın və nifrətin qalib gəlməməsini arzulayıram. Venesuelada sülh içində birgə yaşamaq imkanı təqdim edirik”.

Bu arada Nobel Sülh Mükafatı laureatı müxalif lider Mariya Korina Maçado ümumi amnistiya qərarının ABŞ hökumətinin təzyiqləri nəticəsində verildiyini iddia edib.

Maçado Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodrigezi hədəf alaraq bildirib:

“Bu faciənin ortaq məsuliyyətini daşıyan bir şəxsin etimad və ya sabitlik qurması mümkün deyil. Belə bir şey söz mövzusu ola bilməz. Delsi Rodrigez orduda, təhlükəsizlik sahəsində və ya keçid prosesinə imkan yaradacaq hər hansı bir sahədə siyasət formalaşdırmaq qabiliyyətinə malik deyil”.

Karakasın cənubunda yerləşən El Helikoide həbsxanası azadlığa buraxılan çoxsaylı venesuelalıların unutmadığı məkan kimi tanınır.

Xatırladaq ki, El Helikoide həddindən artıq sıxlıq, minimum tibbi şəraitin olmaması, rüşvət, hərrac və müxtəlif istismar iddiaları ilə tez-tez gündəmə gəlib.

Seçilən
24
cebheinfo.az

1Mənbələr