AZ

Türk xalqlarının tarixinin parlaq səhifəsi

I Türkoloji Qurultay türk xalqlarının tarixində ən əlamətdar hadisələrdən birinə çevrildi. 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərindəki İsmailiyyə Sarayında (hazırda AMEA Rəyasət Heyətinin binası) keçirilən I Türkoloji Qurultayda bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edildi. Qurultay türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı aktual problemlərin həllində mühüm rol oynadı, mədəni inkişafında yeni bir mərhələyə istiqamət verdi.

Qurultayın çağırılması məsələsi Azərbaycan SSR hökuməti tərəfindən Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) rəhbərliyinə təqdim edilmişdi. Bir müddət sonra latın əlifbasına keçilməsi məsələsinin həlli zərurəti I Azərbaycan Yerli Diyarşünaslıq Qurultayında və SSRİ Elmlər Akademiyasında və Ümumittifaq Şərqşünaslıq Birliyində irəli sürüldü. SSRİ Xalq Komissarları Şurası tərəfindən Ümumittifaq Türkoloji Qurultayının çağırılması barədə qərar isə 1925-ci ilin avqustunda qəbul olundu.

Qurultayın çağırılmasına hazırlıq üzrə təşkilat komissiyası yaradıldı. Təşkilat komissiyasının tərkibində Səməd ağa Ağamalıoğlu (sədr), M. Pavloviç, Həbib Cəbiyev, Vasili Bartold, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Q. Broydo, Tyuryakulov, Zifeld, Fitred, Bəkir Çobanzadə, Aşmarin, Odabaş, Novşirvano, Əhməd Baytursunov, Yusifzadə yer aldılar.

Zəruri məsələlərdən birini - Ümumittifaq Türkoloji Qurultaya hazırlıq məqsədilə həyata keçirilən bütün işləri işıqlandırmaq məsələsini təşkilat komissiyası üçün "Xəbərlər" nəşri ilə həll etdi.

Qurultayın ilk günü...

I Türkoloji Qurultay məşhur türkoloqlar İsmayıl bəy Qaspıralı və V.V.Radlovun şərəfinə keçirilirdi.

1926-cı il fevralın 26-sı I Türkoloji Qurultayın ilk günü, ilk təntənəsi oldu. 131 nəfər nümayəndənin iştirak etdiyi qurultayın sədri Səməd ağa Ağamalıoğlu I Türkoloji Qurultayın ilk iclasını açıq elan etdi: "Türkoloji qurultayın əhəmiyyətini bir neçə sözlə ifadə etmək kifayət qədər çətindir. Lakin şübhəsiz bu qurultay qurtuluş səciyyəli inqilabımızın üzə çıxartdığı bir çox praktiki məsələni elmi cəhətdən işıqlandırmağa imkan verərək ölkənin mədəni həyatında dərin iz buraxacaq. Maddi və mənəvi mədəniyyətin inkişafı ilə yazının təkamülü arasında əlaqə, dilin səs quruluşu ilə hərf tərkibinin əlaqəsinin elmi işıqlandırılması kimi məsələlərin müzakirəsi, əlifba sisteminin seçilməsi və əlifbanın özünün qurulması üçün gözəl zəmin yaradacaqdır. Təbiidir ki, bundan əlavə, türkoloji qurultayda aparılacaq elmi-fikir mübadiləsi bütövlükdə elmin inkişafı baxımından ciddi əhəmiyyət kəsb edir. Əlbəttə, müzakirə olunacaq bütün məsələlərə yanaşma sırf elmi xarakter daşıyacaq və bu müzakirələrin praktiki əhəmiyyəti elmi mülahizələrin praktika ilə necə uzlaşmasından asılıdır. Halbuki belə uzlaşmanın özü sırf mexaniki xarakter daşıya bilməz və qurultayın nəticələrinə, ictimaiyyətin subyektiv münasibətinə bağlıdır". Sədr diqqətə çatdırdı ki, türkoloji qurultay böyük Sovet İttifaqında yaşayan türk-tatar xalqlarının mədəni yüksəlişinə təkan verəcək: "Bundan əlavə, bu qurultay türkoloji ədəbiyyatın inkişafı və bütövlükdə türkologiyanın inkişafına zəmin yaradır. Mən bu qurultayın ümumdünya əhəmiyyətindən danışmağa ehtiyat edirəm. Lakin qurultaya dəvət olunmuş həm Sovet İttifaqından olan, həm də xarici qonaqların hamısının gəlməsi təbiidir ki, qurultay belə bir əhəmiyyət qazanacaqdır. Şübhəsiz, həm Azərbaycan türkləri, həm də digərləri bu qurultayı böyük maraqla qarşılayacaqlar. Çünki bu qurultayın nəticəsində ən azı və artıq qəbul olunmuş ədəbiyyat əsasında türk-tatar dillərində kifayət qədər geniş yazılı material toplusu formalaşacaqdır ki, bu da türk-tatar xalqlarının kasad ədəbiyyatına bir kisə qızıldan da dəyərli hədiyyədir".

I Beynəlxalq Türkoloji Qurultayın 22 nəfərdən ibarət Rəyasət Heyəti formalaşdırıldı.

Rəyasət Heyətinə bu şəxslər seçilmişdilər: Səməd ağa Ağamalıoğlu, Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mençel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Şakircan Rahim, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar. Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinin fəxri üzvü oldular.

Filologiya elmlər doktoru, professor Cəlal Qasımov tarixi faktlara əsaslanaraq 131 nəfərin dəvət aldığı və təxminən 600 nəfərin iştirak etdiyi I Türkoloji Qurultayda yalnız bir nəfər qadının - Ayna Sultanovanın (1895-1938) olduğunu yazıb: "O, Türkoloji Qurultaya katiblik edən 5 nəfərdən (Pənah Ələkbər oğlu Qasımov, Solomon Lazareviç Veltman, Muxammed Qeldiyev, Xabibulla Abduraşid oğlu Odabaş, Ayna Mahmud qızı Sultanova) biri idi".

Tədqiqatçı alim Cəlal Qasımov mandat komissiyasının məruzəsinə əsaslanaraq onu da qeyd edib ki, I Türkoloji Qurultaya dəvət olunmuş 131 nəfər nümayəndədən 93 nəfər türk, 38 nəfər isə qeyri-türk idi.

I Türkoloji Qurultayın ünvanı - Şərqin giriş qapısı 

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov təbrik nitqi ilə çıxış etdi. Qurultayın nəticələrinin Türkiyə, İran, Əfqanıstan xalqları və bir sıra illər ərzində aparılan işləri yekunlaşdırmaq və türkologiyanın sonrakı inkişafı üçün yollar müəyyənləşdirmək imkanı əldə edən elm aləmi üçün böyük əhəmiyyətə malik olacağını diqqətə çatdıran Qəzənfər Musabəyov belə tədbirin keçirilməsi üçün yerin də təsadüfən seçilmədiyini diqqətə çatdırdı: "Yoldaşlar, təsadüfi deyil ki, I Ümumittifaq Türkoloji Qurultay Azərbaycanın paytaxtı Bakı şəhərini özünə iş yeri seçib. Şərqin giriş qapısı olan coğrafi mövqeyinə və son 5 il ərzində zəhmətkeşlərin əldə etdikləri nəhəng mədəni və iqtisadi nailiyyətlərə görə Azərbaycan əziz qonaqları, türkologiyanın elmi nümayəndələrini qəbul etmək kimi yüksək şərəfə layiqdir". 

SSRİ Mərkəzi İcraiyyə Komitəsi nəzdində Ümumittifaq Elm Assosiasiyasının sədri  Mixail Pavloviç də çıxışında Türkoloji Qurultayın türk-tatar xalqları tarixində çox böyük hadisə olduğunu vurğuladı.

Qurultayın ikinci günü - fevralın 27-də akademik V.Bartoldun "Müasir vəziyyət və türk xalqları tarixinin araşdırılmasının ən yaxın vəzifələri", İ.Borozdinin "Tatar mədəniyyəti sahəsində ən yeni kəşflər", Ə.Qubaydullinin "Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı", S.Rudenkonun "Türk tayfalarının etnoqrafik tədqiqinin müasir vəziyyəti", Gyula Messaroşun "Anadolu və balkan türklərinin etnoqrafiyasının tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri" və digər məruzələr böyük maraqla qarşılandı.

Qurultayda ümumilikdə 17 iclas keçirildi, bütövlükdə türk xalqlarının dili, tarixi, etnogenezisi, etnoqrafiyası, ədəbiyyat və mədəniyyətinə dair olduqca mühüm, əhəmiyyətli məsələlərin yer aldığı 38 məruzə dinlənildi. Məruzələr ciddi müzakirəyə çevrildi.

1926-cı il martın 6-da keçirilən qurultayın 17-ci iclasının sonunda mandat komissiyasının məruzəsi dinlənildi, qurultay ərzində müzakirəyə çıxarılmış məsələlərlə bağlı qətnamələr qəbul olundu.

I Türkoloji Qurultayda türk dillərinin əlifba məsələsi; imla-orfoqrafiya problemi; termin məsələsi; tədris-metodika məsələsi; qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi; ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri kimi yeddi böyük məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul edildi. Qəbul olunan qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə mühüm yer tuturdu.

I Türkoloji Qurultayın latın qrafikalı əlifbaya keçməklə bağlı qəbul etdiyi qətnamədə qeyd olunmuşdu: "Qurultay ərəb əlifbasının islah edilməsi və yeni türk əlifbasının (latın qrafikalı əlifbanın) ərəb əlifbasından texniki cəhətdən mükəmməl olmasını təsdiq edir, o cümlədən yeni əlifbanın ərəb əlifbası ilə müqayisədə mütərəqqi mahiyyətini və mədəni-tarixi nüfuzunu qəbul edir. Qurultay hesab edir ki, yeni əlifbanın həyata keçirilməsi hər bir türk-tatar respublikasının, vilayətinin və xalqının işidir". 

Qurultay nümayəndələri özbək şairi Əlişir Nəvainin 500 illik yubileyində də iştirak etdilər. Qurultayın qərarına görə, II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutuldu. Ancaq bu qərar reallaşmadı. Araşdırıcılar səbəbini dövlətin siyasətinin dəyişməsi ilə əlaqələndirirlər…

Qurultaydan sonra...

I Türkoloji Qurultay başa çatdıqdan sonra nəticələri, qəbul olunmuş qətnamələr diqqət mərkəzində oldu. Burada qaldırılan problemlərin həlli istiqamətində atılan əməli addımlar göz önündəydi. I Türkoloji Qurultayın tələblərindən irəli gələn məsələlərlə bağlı dövri mətbuatda Azərbaycan alimlərinin və türkoloqların məqalələri mütəmadi dərc olundu. 1927-ci il mayın 11-də SSRİ MİK-in verdiyi sərəncama əsasən, Yeni Türk Əlifbasının Mərkəzi Komitəsi yaradıldı. Komitənin sədri Səməd ağa Ağamalıoğlu seçildi. 

Azərbaycanda 1923-cü ildən yeni türk əlifbası dövlət əlifbası kimi qəbul edilsə də, yalnız bu, I Türkoloji Qurultaydan sonra rəsmi şəkildə yekdilliklə latın qrafikalı əlifbaya keçid reallaşdı. Sovet hökuməti qurultayda qəbul edilən qərara əsaslanaraq, 1929-cu il yanvarın 1-dən ərəb əlifbasının istifadəsinə qadağa qoydu.  Qurultayın qərarı ilə sovetlər birliyinə daxil olan digər türk respublikalarında da ərəb əlifbasının yerinə latın qrafikalı yazı ilə əvəzləndi. Hətta Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) tərkibində olan bəzi türk respublikalarında bu keçid daha erkən baş verdi. 1927-ci il iyulun 3-də Tatarıstan respublikasının partiya təşkilatı tərəfindən "Yeni əlifba"ya keçid rəsmi şəkildə elan olundu.

Azərbaycan SSR latın qrafikalı əlifbaya keçdikdən beş il sonra Türkiyə Cümhuriyyəti də həmin əlifbaya keçdi.

Qurultayın qərarı nəticəsində 1929-1939-cu illərdə bütün türk respublikalarında latın qrafikalı əlifbadan istifadə tətbiq edildi. Ancaq 1930-cu illərin axırlarında  Sovet İttifaqı rəhbərliyi latın qrafikalı əlifbanın dəyişdirilməsi istiqamətində fəaliyyətə başladı. SSRİ-nin hökmü altında olan respublikalarda ümumi kiril əlifbasından istifadə qərarı 1939-cu ildə qəbul edildi. Latın əlifbasından kiril qrafikasına keçidin "zəhmətkeşlərin ümumi istəyi" kimi həyata keçirildiyi rəsmi açıqlamada qeyd olundu.

I Türkoloji Qurultayın bir çox iştirakçısı 1930-cu illərin sonlarında sovet hökumətinin repressiya siyasətinin qurbanı oldular. Onların əksəriyyəti pantürkçülük, millətçilik, əks-inqilabi fəaliyyətdə günahlandırıldılar. Ruhulla Axundov, Salman Mümtaz, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Qəzənfər Musabəyov, Ayna Sultanova, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Osman Akçökraklı, Əhməd Baytursunov, İsidor Baraxov və digər şəxsiyyətlər həbs olunaraq ən ağır işgəncələrə məruz qaldılar. Güllələndilər.

Ancaq ədalət təcəlli etdi. XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra tariximizin parlaq səhifələrinə çevrilmiş I Türkoloji Qurultaya da dövlət səviyyəsində hüquqi qiymət verildi. Türk xalqlarının həyatında mühüm yer tutmuş bu hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında 2005-ci il noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzaladı. Sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi.

On il sonra, 2016-cı il fevralın 18-də Prezident İlham Əliyev I Türkoloji Qurultayın 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə sərəncam imzaladı. Qurultayın 90 illik yubileyi də dövlət səviyyəsində qeyd olundu.

Artıq o mötəbər tarixi hadisədən bir əsr keçir. 2026-cı ilin fevralında I Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli sərəncamında bildirildiyi kimi: "I Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür".

I Türkoloji Qurultay təkcə XX əsr türkoloji fikrinin zirvələrindən biri deyil. Eyni zamanda türk xalqlarının mədəni özünüdərkinin, elmi birliyinin və ortaq gələcək ideallarının təməl daşlarından biri kimi tarixə düşdü. Bu mötəbər qurultayda səsləndirilən ideyalar, qəbul olunan qərarlar və formalaşan elmi platforma zamanın sınağından çıxaraq bu gün də öz aktuallığını qoruyub saxlayır. Son illər türk dünyasında baş verən inteqrasiya prosesləri, ortaq dəyərlərə söykənən əməkdaşlıq və elmi-mədəni yaxınlaşma I Türkoloji Qurultayın irsinin yaşadığını bir daha təsdiqləyir. Qurultayın 100 illik yubileyinin qeyd edilməsi isə həmin tarixi hadisənin yalnız keçmişin deyil, həm də türk dünyasının gələcəyinə işıq tutan əvəzsiz mənəvi miras olduğunu göstərir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr