AZ

"Sirli" "509 nömrə" - AYNA deyir "Lökbatan", sərnişin deyir "Binə"

Başlanğıcını Sumqayıt Avtovağzalından götürən 509 nömrəli avtobus marşrutunun hərəkət qrafiki ilə bağlı şikayət var.

Sumqayit24.az-a müraciət edən sərnişinlərin məlumatına əsasən, sözügedən avtobusun Lökbatan qəsəbəsinə daxil olması nəzərdə tutulsa da, lakin bu istiqamətdə hərəkət etmir.
"İki ildir həftənin beş günü Sumqayıtdan bu avtobusla gedib-gəlirəm. Açığı, marşrutun elə bu cür olduğunu düşünürdüm. Lakin ayın əvvəlində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmi saytında gördüm ki, 509 nömrəli avtobus Lökbatan qəsəbəsinin daxilinə qədər hərəkət etməlidir. Halbuki avtobus yalnız Binə ticarət mərkəzinə qədər gedir və Lökbatana daxil olmur", – deyə sərnişinlərdən biri bildirib.
Qeyd edək ki, vətəndaşlardan biri məsələ ilə bağlı AYNA-ya rəsmi sorğu da ünvanlayıb.
Sorğuya cavab olaraq qurumdan bildirilib ki, 509 nömrəli müntəzəm marşrut xəttinin avtobuslarının Binə ticarət mərkəzindən keçməklə Lökbatan qəsəbəsinə daxil olması nəzərdə tutulub:
 "Araşdırma zamanı avtobusların Lökbatan qəsəbəsinə daxil olmaqla hərəkət etdiyi müşahidə olunub".
Sumqayit24.az-a da AYNA-nın mətbuat xidmətindən bildirilib ki, adıçəkilən avtobus "Binə" ticarət mərkəzindən Lökbatan qəsəbəsinə daxil olmalıdır.
"Daşıyıcıya marşrutun nizamlı fəaliyyətin təmin edilməsi, təyin olunmuş hərəkət sxeminə riayət edilməsi barədə tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. Nöqsan aşkarlandığı təqdirdə marşrut müsabiqəyə çıxarılacaq", - deyə məlumatda qeyd edilib.
Seçilən
18
yenilik.az

1Mənbələr