AZ

Professor xəbərdarlıq edir: "Forma dəyişir, amma zərər eynidir"

Son illər elektron siqaretlər, xüsusilə "vape" adı ilə tanınan maye əsaslı cihazlar cəmiyyətə zərərsiz alternativ kimi təqdim olunaraq sürətlə yayılıb. Rəngarəng dizaynı, meyvəli və şirin aromaları, "tüstüsüz siqaret" imici bu məhsulları xüsusilə yeniyetmələr və gənclər arasında cəlbedici edib. Bir çoxları elektron siqareti adi tütün məmulatlarına nisbətən daha təhlükəsiz hesab edib, bəziləri isə onu siqareti tərgitmək üçün "keçid vasitəsi" kimi görüb. Lakin zaman keçdikcə elmi araşdırmalar, tibbi müşahidələr və real həyat nümunələri bu təsəvvürlərin böyük ölçüdə yanlış olduğunu ortaya qoydu. Elektron siqaretlərin yaratdığı asılılıq, sağlamlığa vurduğu zərər və xüsusilə gənc nəslin psixoloji və fiziki inkişafına mənfi təsiri artıq ciddi ictimai narahatlıq doğuran problemə çevrildi. Məhz bu reallıqlar fonunda 1 aprel 2026-cı il tarixindən etibarən elektron siqaretlərin idxalı, istehsalı, satışı və istifadəsinin rəsmən qadağan edilməsi barədə qərar verilməsi təsadüfi deyil. Qadağa yalnız hazır məhsulları deyil, eyni zamanda maye ilə işləyən elektron siqaretləri (vape), onların ehtiyat hissələrini, kartriclərini və flakonlarını da əhatə edir. Bu addım dövlətin ictimai sağlamlığın qorunması, xüsusilə uşaqlar və yeniyetmələr arasında yeni nəsil nikotin asılılığının qarşısının alınması istiqamətində atdığı mühüm və prinsipial qərar kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, elektron siqaretlər "tüstüsüz" adlansa da, onların tərkibindəki nikotin və müxtəlif kimyəvi maddələr orqanizm üçün heç də az təhlükəli deyil. Əksinə, bu məhsullar klassik siqaretdən fərqli olaraq, asılılığı daha sürətli yarada bilir, çünki istifadəçi nikotini daha asan və nəzarətsiz şəkildə qəbul edir. Aromatik qatqılar, sintetik maddələr və qızdırılma zamanı əmələ gələn toksik birləşmələr tənəffüs yollarına, ürək-damar sisteminə və immunitetə ciddi zərbə vurur. Bu təhlükələr isə reklamların və sosial şəbəkələrdə formalaşdırılan "zərərsiz imic"in arxasında gizlədilir. Elektron siqaretlərin yayılması artıq təkcə fərdi seçim məsələsi deyil, ümummilli sağlamlıq problemi kimi dəyərləndirilir. Məktəblərdə, ictimai məkanlarda və hətta ailə mühitində bu cihazların geniş yayılması cəmiyyətin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Qadağa qərarı həm də bu mesajı verir: texnologiya və bazar maraqları insan sağlamlığından üstün tutula bilməz. Dövlət bu addımla göstərir ki, profilaktika və qoruyucu siyasət sonradan yaranacaq ağır sosial və tibbi fəsadların qarşısını almaq baxımından daha effektivdir.
Beləliklə, 1 aprel 2026-cı ildən qüvvəyə minəcək qadağa yalnız elektron siqaretlərin dövriyyəsinin dayandırılması deyil, eyni zamanda sağlam həyat tərzinə çağırış, gənc nəslin qorunması və nikotin asılılığına qarşı mübarizədə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

Mövzu ilə bağlı Olaylar.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, elektron siqaret ideyası ilk dəfə XX əsrin 70-ci illərində ortaya çıxmışdır. Həmin dövrdə bu cihazlar əsasən adi tütün məmulatlarına alternativ kimi təqdim olunurdu. Məqsəd ondan ibarət idi ki, siqaret çəkməkdən imtina etmək istəyən insanlar üçün daha "asan", daha "müasir" və guya daha az zərərli bir vasitə yaradılsın. Elektron siqaretlər bu kontekstdə nikotinə olan asılılığı tədricən azaltmaq və tütün tüstüsünün zərərli təsirlərindən uzaqlaşmaq üçün bir növ keçid mərhələsi kimi təqdim edilirdi. Lakin aparılan elmi araşdırmalar və tibbi müşahidələr sonradan göstərdi ki, elektron siqaretlərin yaradılmasında bu məqsədlər tam şəkildə reallaşmamışdır. Əksinə, elektron siqaretlərin tərkibinə adi siqaretin əsas asılılıq yaradan maddəsi olan nikotin daxil edilmişdir. Üstəlik, bu nikotinin miqdarı bir çox hallarda ənənəvi siqaretlərdə olan nikotin miqdarından heç də az olmur, bəzi hallarda isə daha yüksək səviyyədə olur. Bu isə o deməkdir ki, elektron siqaretlər nikotin asılılığını aradan qaldırmaq əvəzinə, onu davam etdirir və hətta gücləndirə bilir. 

"Elektron siqaretlərin digər ciddi və təhlükəli cəhəti onların tərkibində olan kimyəvi maddələrlə bağlıdır. Bu cihazlarda istifadə edilən mayelərin tərkibinə müxtəlif aromatik maddələr, dadvericilər və kimyəvi birləşmələr daxil edilir. İlk baxışdan bu maddələr zərərsiz və ya cəlbedici görünə bilər. Lakin elektron siqaretin işləmə mexanizmi zamanı, yəni mayenin qızdırılması və buxarlanması prosesində həmin maddələr kimyəvi dəyişikliklərə uğrayır. Nəticədə polisiklik aromatik karbohidratlar və digər birləşmələr kanserogen, yəni xərçəng törədən maddələrə çevrilə bilir. Bu baxımdan elektron siqaretlə adi siqaret arasında sağlamlığa vurulan zərərin dərəcəsi baxımından ciddi və köklü bir fərq mövcud deyil. Sadəcə olaraq zərərli maddələrin orqanizmə daxil olma forması dəyişir. Adi siqaret çəkilərkən zərərli maddələr əsasən qatran və tüstü şəklində ağciyərlərə daxil olur. Elektron siqaretdə isə bu rol aromatik maddələrə, kimyəvi buxarlara və birbaşa nikotinə düşür. Yəni forma dəyişsə də, mahiyyət dəyişmir - zərər verici maddələr yenə də insan orqanizminə daxil olur və eyni təhlükəli təsirləri yaradır", - deyə A. Qeybulla  əlavə edib.

Professorun sözlərinə görə, elektron siqaretlərin uzunmüddətli istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu məhsullar ağciyər toxumalarına zərər verir, tənəffüs yollarının qıcıqlanmasına, bronxitin yaranmasına və xroniki tənəffüs xəstəliklərinin inkişafına gətirib çıxara bilər. Bundan əlavə, elektron siqaretlərin tərkibində olan kanserogen maddələr həm ağciyər toxumalarında, həm də digər orqanlarda bədxassəli şişlərin, yəni xərçəng xəstəliklərinin yaranma riskini artırır.

"Elektron siqaretlərin "təhlükəsiz alternativ" kimi təqdim edilməsi elmi və tibbi baxımdan özünü doğrultmur. Onlar adi siqaretlər kimi insan sağlamlığı üçün ciddi risklər yaradır. Bu təhlükələr təkcə elektron siqaretlə məhdudlaşmır, eyni zamanda qəlyan, tütünlü və qeyri-tütünlü digər tüstülənən məhsullara da aiddir. Bütün bu vasitələr fərqli adlar və formalar altında təqdim edilsə də, ümumi cəhətləri insan orqanizminə zərərli maddələrin daxil olması və sağlamlığın tədricən məhv edilməsidir", - deyə tibb elmləri doktoru sonda qeyd edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr