AZ

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilib

Milli Azərbaycan Tarix Muzeyində görkəmli dövlət, siyasi və ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümü münasibətilə tədbir keçirilib.

Yazıçı, publisist Dilqəm Əhməd Teleqraf-a açıqlamasında tədbirin əhəmiyyətindən danışıb.

O bildirib ki, tədbir Rəsulzadə Ev Muzeyi İctimai Birliyi tərəfindən təşkil olunub. Onun sözlərinə görə, tədbirin əsas hissəsini Polşada yaşayan tanınmış alim Şəhla Kazımlının mühazirəsi təşkil edib:

"Tədbir çərçivəsində, eyni zamanda, şəxsi kolleksiyamdan ibarət sərgi də nümayiş olunub. Təxminən 10 ilə yaxındır ki, Məhəmməd Əmin Rəsulzadə və digər Azərbaycan mühacirlərinə aid arxiv materiallarını toplayıram. Kolleksiyamda Rəsulzadənin imzası olan iki nadir kitab yer alır. Onlardan biri 1922-ci ilə, digəri isə 1951-ci ilə aiddir. Kitabın biri köhnə əlifba, biri isə latın qrafikası ilə Türkiyədə nəşr edilib. Bundan əlavə, Polşada nəşr edilmiş kitabları, eləcə də Türkiyədə çap olunmuş çoxsaylı nəşrlər kolleksiyanın mühüm hissəsini təşkil edir.

Arxivimdə Məhəmməd Əmin Rəsulzadənin 1932-ci ilə aid, Polşadan İstanbul şəhərinə göndərdiyi üç orijinal məktub da mövcuddur. Sərgidə Cümhuriyyət dövrünə aid fotoşəkillər, Türkiyədə çəkilmiş fotolar, eləcə də Finlandiyada çəkilmiş olduqca nadir bir foto nümayiş etdirilir. Bundan başqa, müxtəlif qəzet və jurnallar, tarixi fotolar və Rəsulzadənin dəfn mərasiminə aid xüsusi albom da sərgidə yer alır. Həmin albomda dəfn prosesinin bütün mərhələlərini əks etdirən 30-dan artıq orijinal fotoşəkil mövcuddur".

D.Əhməd vurğulayıb ki, ən böyük istəyi Bakıda Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin açılmasıdır: "İllər ərzində topladığımız bütün bu nadir eksponatların həmin muzeyə təmənnasız şəkildə təqdim edəcəm. Bu tədbirin əsas mahiyyəti də məhz gələcəkdə Rəsulzadə Ev Muzeyinin yaradılmasına bir töhfə verməkdir".

Varşava Universiteti, Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri Şəhla Kazımova qeyd edib ki, bu cür tədbirlərin təşkili yeni nəsil üçün çox önəmlidir:

"Varşavada Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini araşdıran tədqiqatçılardan biriyəm. Rəsulzadə ilə bağlı əsas tarixi faktlar mütəxəssislərə məlumdur, lakin bu bilgilərin daha geniş ictimaiyyətə çatdırılması baxımından bu tip tədbirlərin əhəmiyyəti olduqca böyükdür və bu əhəmiyyət zaman keçdikcə daha da artacaq. Çünki yeni nəsillər formalaşır və biz təkcə mühacirət tariximiz haqqında deyil, eyni zamanda Azərbaycan dövləti və onun tarixi barədə də məlumat verməyi özümüzə borc bilməliyik.

Varşavada hər il Prometey Konfransı keçirilir. Öncə məlumat verim ki, Prometey hərəkatı XX əsrin 20-30-cu illərində Polşanın Sovet İttifaqına qarşı apardığı siyasi-strateji fəaliyyətin bir hissəsi olmuş, qeyri-rus xalqların milli azadlıq hərəkatlarına dəstək məqsədi daşıyıb. Bu konfrans hər il Varşava Universitetində təşkil olunur və onun keçirilməsinə məsul şəxs mənəm.

Varşava Universitetinin Asiya və Afrika Araşdırmaları Fakültəsinin nəzdində Türkologiya kafedrası fəaliyyət göstərir. Həmin kafedranın tərkibində Azərbaycanşünaslıq mərkəzi də mövcuddur. Bu çərçivədə biz Azərbaycan dilinin tədrisi ilə məşğul olur, eyni zamanda Azərbaycan dili, mədəniyyəti və tarixi ilə bağlı elmi məruzələr təqdim edirik.

Prometey hərəkatı yalnız Məhəmməd Əmin Rəsulzadənin deyil, onun kimi digər azərbaycanlı mühacirlərin də araşdırılmasını və müxtəlif beynəlxalq platformalarda tanıdılmasını zəruri edir. Bu istiqamətdə Varşavada mühüm və ardıcıl işlər həyata keçirilir".

Seçilən
11
turkustan.az

1Mənbələr