Bakı, 30 yanvar, AZƏRTAC
Texniki reqlamentlərin qəbul olunması və tətbiqi qeyri-qida istehlak mallarının idxal və istehsal olunmazdan, o cümlədən satışa çıxarılmazdan öncə təhlükəsizliyinə əmin olmağa imkan yaradacaq. Bununla da, istehlakçıların zərərli materiallardan istehsal olunan, insan sağlamlığı və təhlükəsizliyi üçün risk yaradan, eləcə də keyfiyyət tələblərinə cavab verməyən məhsullarla qarşılaşma ehtimalı əhəmiyyətli dərəcədə azalacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nda texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qeyri-qida istehlak mallarının istehsalı, idxalı, bazara çıxarılması və satışı zamanı malların təhlükəsizliyinə nəzarət tələblərini əhatə edən qanunvericilik layihələri hazırlanaraq hökumətə təqdim olunub.
Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər sözügedən malların texniki reqlamentlərdə müəyyən edilmiş tələblərə uyğun şəkildə etiketlənməsini təmin edəcək, saxta və keyfiyyətsiz məhsulların bazara buraxılmasının qarşısını alacaq. Bununla da istehlakçı hüquqlarının qorunması mexanizmləri daha da gücləndiriləcək.
Əlavə olaraq qeyd edək ki, Agentlik tərəfindən keyfiyyət infrastrukturu sahəsində göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində də sistemli işlər həyata keçirilməkdədir. Belə ki, uyğunluq sertifikatlarının, yoxlama haqqında şəhadətnamələrin, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlərin və bu sahədə yaradılan digər sənədlərin elektron formada tərtib olunması məqsədilə Agentliyin Keyfiyyət informasiya sistemi (https://e-keyfiyyet.gov.az) yaradılıb, maraqlı tərəflərin istifadəsinə verilib.
Keyfiyyət informasiya sistemi vasitəsilə yaradılan sənədlər təsdiq edildikdən sonra hər bir sertifikata dair identik QR kodlar həmin sənədlərin aşağı sağ küncündə əks olunur. Bu da istehlakçılara satıcılar tərəfindən təqdim edilən sertifikat və şəhadətnamələrin üzərindəki QR kodları oxutmaqla onların həqiqiliyini və etibarlılığını yoxlamaq imkanı yaradır. Görülən işlər bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə riayət etdiklərinə dair etimadı gücləndirir.
Agentliyin Dövlət Gömrük Xidməti ilə birgə əməkdaşlığı çərçivəsində idxal olunan malların ölkə ərazisinə gətirilməsi zamanı gömrük məntəqələrində işlərin çevik həyata keçirilməsi istiqamətində də tədbirlər davam etdirilir. Belə ki, “E-keyfiyyət.gov.az” informasiya sistemi gömrük orqanlarının müvafiq informasiya sistemi ilə inteqrasiya olunub. Eləcə də məlumat mübadiləsini tənzimləyən müvafiq normativ hüquqi akt Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu isə Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə yaradılmış sənədlər barədə məlumatların real vaxt rejimində aidiyyəti üzrə gömrük orqanlarına ötürülməsini təmin edir.
Qeyd edək ki, agentlik və Dövlət Gömrük Xidməti arasında yaradılmış bu informasiya körpüsü gömrük nəzarəti proseslərinin operativliyini artırmaqla sənədlərin yoxlanılması müddətini qısaldır. Nəticədə sərhəddə ticarət əməliyyatlarının daha sürətli və səmərəli həyata keçirilməsinə birbaşa töhfə verir.