AZ

“Vensin səfərində Zəngəzur dəhlizi və 907 ci düzəliş prioritet olacaq“ MÜSAHİBƏ

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Ziyafət müəllim, bu gün regionda və qlobal müstəvidə fərqli situasiyalar yaşanır. Bunun fonunda Azərbaycanın sülh quruculuğu prosesində iştirakı hansı amillərlə izah oluna bilər?

- Prezident İlham Əliyev yanvarın 19-dan 24-ə qədər Davos İqtisadi Forumunda da Azərbaycanın mövqeyini bir daha ortaya qoydu. Ölkəmizin xarici siyasəti milli maraqlara söykənir və çoxvektorlu strategiya üzərində qurulub. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə əldə edilən sənədlər ölkəmizin möhkəm siyasi iradəyə əsaslanan siyasətinin nəticəsi idi. Müharibədə qalib gələn Azərbaycan eyni zamanda sülhün şərtlərini də müəyyən etdi. Artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Hazırda bütün məsələlər Ermənistan tərəfinin üzərindədir. Necə deyərlər “top” Ermənistan tərəfdədir. Ola bilər ki, bu ilin yayında Ermənistandan keçiriləcək parlament seçkiləri və ondan sonrakı dövrdə onlar bu məsələlərlə bağlı mövqelərini bildirəcəklər.

- Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu fonunda bəzi dairələrin narahatlığı nə ilə bağlıdır?

- Sözsüz ki, bütün bunların fonunda Azərbaycanın bu gün beynəlxalq arenada, qlobal münasibətlər sistemində nüfuzu getdikcə artır. Təəssüf ki, ölkəmizin güclənən mövqeyi, artan nüfuzu bəzi beynəlxalq təşkilatları narahat edir. Bu xüsusda AŞPA, Avropa Parlamenti hələ də regionda yaranmış reallığı qəbul etmək istəmir. Halbuki, Ermənistanın özü bu reallıqları qəbul edib, Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Avropadakı bəzi təşkilatların isə bu reallığı niyə qəbul etməmələri suallar yaradır. Amma Azərbaycan AŞPA və Avropa Parlamenti olmadan da öz işlərini normal şəkildə həyata keçirir.

- Bu cür yanaşmalar Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərə necə təsir edir?

- Azərbaycanla Avropa İttifaqı ölkələri arasında çox yaxşı münasibətlər mövcuddur. Ölkəmiz bu gün Avropa İttifaqına daxil olan 10 ölkəyə qaz ixrac edir. Bu isə o deməkdir ki, Azərbaycanın siyasi, iqtisadi mənada getdikcə nüfuzu artır. Avropa dövlətləri də Azərbaycandan qaz almaqda maraqlı görünürlər.

- ABŞ-nin vitse-prezidentinin bölgəyə səfəri sülh və kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımların sürətlənməsinə necə təsir edəcək?

- Davosda ABŞ Prezidenti Donald Tramp da bununla bağlı bəyanat verib. Beləliklə, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri gözlənilir. Bununla da ötən ilin avqustunda əldə edilən razılaşma əsasında Zəngəzur dəhlizinin (Tramp marşrutu) işə düşməsi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan tərəfi bu məsələdə öz üzərinə düşən bütün işləri tamamlamaq üzrədir. Amma Ermənistan tərəfindən bu sahədə irəliləyiş yoxdur. Onlar hələ də layihələndirmə, əraziyə baxış, dəmir və avtomobil yolunun çəkiləcəyi hissə ilə bağlı sadəcə danışırlar. Söhbət isə 42 km-lik Zəngəzur dəhlizindən (Tramp marşrutu) gedir. Çox guman ki, bu məsələlər ABŞ-nin vitse-prezidentinin diqqətinə çatdıralacaq. Çünki Azərbaycan tərəfi bu məsələlərin sürətlə həllində maraqlıdır. Vensin Ermənistana səfərində bu mövzular ətrafında danışıqların aparılacağı gözlənilir. Sözsüz ki, ABŞ-nin vitse-prezidentinin Azərbaycana və Ermənistana səfəri fonunda bu məsələlərdə də mühüm irəliləyişlərin olması labüddür.

- Vensin Azərbaycana səfərində sülh və kommunikasiya mövzusundan başqa əlavə hansısa məsələlərin müzakirə ediləcəyi gözlənilirmi?

- Güman edirəm ki, ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri zamanı məlum 907-ci düzəliş məsələsinə bir daha baxılacaq. Bu düzəliş ləğv edilməlidir. ABŞ Prezidenti artıq bu düzəlişin dondurulması ilə bağlı qərar imzalayıb. Amma biz istəyirik ki, bu məsələ birdəfəlik həll olunsun. Çünki bu düzəliş Azərbaycana qarşı açıq qərəzin nümunəsidir. O vaxt Azərbaycana qarşı bu qərəzli düzəlişin tətbiqini həyata keçirənlərdən biri də ABŞ-nin sabiq prezidenti Cozef Bayden olmuşdur. Bayden senator olduğu dövrdə məhz bu qərəzli yanaşmanın ortaya çıxmasında “canfəşanlıq” edənlərdən biri idi. İndi isə bu kimi qərəzli məsələlərin saxlanılması tamamilə əhəmiyyətsizdir. Artıq Azərbaycanla Ermənistan arasında sülh konsepsiyasına uyğun olaraq iqtisadi əlaqələr bərpa edilib. Azərbaycandan Ermənistan neft məhsulları göndərilir. Həmçinin digər ölkələrin yükləri Azərbaycan üzərindən Ermənistana çatdırılır. O vaxt 907-ci düzəlişi guya Azərbaycanın Ermənistanı blokada vəziyyətinə salması iddiası ilə qəbul etmişdilər. Halbuki, blokadada saxlanılan Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan idi. Ona görə də, Vensin səfərində bu mövzular ətrafında da fikir mübadiləsi aparılacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
50
moderator.az

10Mənbələr