AZ

Dezinformasiya səs-küyü və strateji reallıq - ŞƏRH

Bakı, 30 yanvar, AZƏRTAC

Dünyada heç bir geosiyasi yüksəliş səssiz baş vermir. Güc mərkəzlərinin sürətlə yer dəyişdirdiyi bir dövrdə yüksələn hər bir aktor özü ilə birlikdə müəyyən bir “səs-küy” də gətirir. Bu gün Türkiyə və Azərbaycan münasibətləri ətrafında yaradılan dezinformasiya mühitinə məhz bu kontekstdə baxılmalıdır. Bu “səs-küy” əslində Avrasiyanın qəlbində yeni bir güc mərkəzinin formalaşmasının göstəricisidir.

Bu fikirlər türk politoloq Nur Tuğba Aktayın “Dezinformasiya səs-küyü və strateji reallıq: Türkiyə–Azərbaycan Xətti Niyə Hədəfdədir?” sərlövhəli məqaləsində yer alıb.

 

Yeni nizamın onurğa sütunu: Şuşa Bəyannaməsi

Beynəlxalq sistem artıq uzun müddətdir ki, təkmərkəzli strukturunu itirib. ABŞ-ın qlobal müəyyənedici rolu zəiflədikcə, enerji xətləri və ticarət dəhlizləri Atlantikdən deyil, Avrasiyanın daxili bölgələrindən müəyyənləşdirilir. Bu yeni mənzərədə Türkiyə və Azərbaycan yalnız uyğunlaşan deyil, oyun quran iki aktor kimi ön plana çıxır. Bakı ilə Ankara arasındakı münasibətlər artıq, sadəcə, qardaşlıq ritorikası deyil, Şuşa Bəyannaməsi ilə möhürlənmiş hüquqi, hərbi və strateji bir doktrinadır. Qarabağ Zəfəri ilə təsdiqlənən bu birlik Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan geniş bir coğrafiyada tarazlıq yaradabilmə potensialı deməkdir.

Sahədə qazananın informasiya məkanında hədəf alınması

Azərbaycan-Türkiyə münasibətlərini sarsıtmaq istəyən qüvvələr mübarizəni meydanda deyil, ictimai düşüncə üzərindən aparırlar. Çünki reallığı artıq dəyişdirmək mümkün deyil. Türkiyə–Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələr institusionallaşmış vəziyyətdədir. Dövlət ağlı ilə idarə olunan bu proses qısamüddətli böhran sınaqlarına qapalıdır. Dezinformasiyanın dili isə tanışdır: Ankara ilə Bakı arasında fikir ayrılığı varmış kimi edilən eyhamlar, strateji uyğunluğun müvəqqəti olduğu iddialar... Bunların heç birinin geosiyasi qarşılığı yoxdur. Məqsəd bölgədənkənar aktorların Qafqaz üzərində təsirini yenidən bərpa etmək üçün düşüncələrdə qeyri-müəyyənlik yaratmaqdır.

Zəngəzurdan Türk dünyasına: Gələcəyin inşası

Əsl narahatlıq mənbəyi Azərbaycan və Türkiyənin regional proseslərə reaksiya verən deyil, bu prosesləri istiqamətləndirən bir xətt üzrə irəliləməsidir. Qarabağ Zəfərindən sonrakı mənzərə xarici himayə ilə formalaşdırılan köhnə nizamın sona çatdığını sübut etdi. Bu gün Zəngəzur Dəhlizi və Orta Dəhliz kimi layihələr Türk dünyasını abstrakt bir kimlik sahəsindən çıxarıb konkret iqtisadi və siyasi güc məkanına çevirir. Azərbaycanın enerji təchizatı təhlükəsizliyindəki kritik rolu və Türkiyənin qlobal logistika mərkəzinə çevrilmə vizyonu Türk Dövlətləri Təşkilatının artan nüfuzu ilə birləşərək Avrasiyanın yeni təhlükəsizlik kəmərini formalaşdırır.

Səs-küy keçicidir, tarix qalıcı

Bu gün yayılan dezinformasiya iki ölkə arasındakı birliyi sarsıtmaqdan daha çox, qlobal qeyri-sabitlikdən bəslənən aktorların narahatlığını ifşa edir. Güclü münasibətlər dezinformasiya ilə zədələnməz. Xalqlar arasındakı qırılmaz bağ və sahədə qurulan strateji tərəfdaşlıq dezinformasiya əməliyyatlarından qat-qat daha qalıcıdır. Bu gün yüksələn səs-küy keçici bir kommunikasiya böhranının deyil, çoxmərkəzli dünyaya keçidin yan məhsuludur. Türkiyə və Azərbaycan bu yeni düzəndə “Bir millət, iki dövlət” şüarını bir geosiyasi istiqamətə çevirdikcə bu səs-küy arta bilər, lakin səs-küy tarix yazmaz. Tarixi yazan Bakı ilə Ankaranın cızdığı bu sarsılmaz taley birliyidir.

Seçilən
51
41
azertag.az

10Mənbələr