AZ

“Eurofighter Typhoon” qırıcısı 1 milyon uçuş saatını geridə qoyub

“Eurofighter Typhoon” döyüş təyyarələri 1 milyon uçuş saatını geridə qoyub.

“Poliqon” xəbər verir ki, bu barədə “Airbus Defence” şirkəti məlumat yayıb.

Qeyd edək ki, “Eurofighter Typhoon”, “Airbus”, “BAE Systems” və “Leonardo” şirkətlərindən ibarət konsorsium tərəfindən istehsal olunan iki mühərrikli çoxməqsədli qırıcı təyyarədir. Dörd Avropa dövləti – Almaniya, Böyük Britaniya, İspaniya və İtaliya tərəfindən birgə inkişaf etdirilən qırıcının hazırlanmasına 1989-cu ildə başlanılıb və 1994-cü ildə təyyarənin ilk sınaq uçuşu yerinə yetirilib.

2003 və 2005-ci illər arasında “Eurofighter Typhoon” dörd əsas ölkənin Hərbi Hava Qüvvələrində istifadəyə verilib. Hazırda Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya, Avstriya, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Küveyt HHQ-ləri bu qırıcını istismar edir. Son olaraq ötən ilin iyul ayında Türkiyə və Böyük Britaniya arasında “Eurofighter Typhoon” təyyarələrinin tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

2011-ci ildə “Eurofighter Typhoon” qırıcısı Böyük Britaniya və İtaliya Hərbi Hava Qüvvələrinin Liviya üzərindəki hərbi müdaxiləsi, yəni “Operation Ellamy” əməliyyatı zamanı ilk dəfə döyüşdə istifadə edilib. Həmçinin 2015-ci ildə Böyük Britaniya HHQ “Eurofighter Typhoon”u İraq və Suriyada keçirilən “Operation Shader” əməliyyatında istifadə edib və təyyarə ardıcıl olaraq Baltik Hava Nəzarəti çərçivəsində “Operation Azotize” əməliyyatında da fəaliyyət göstərib. Almaniya HHQ isə 2014-cü ilin oktyabrında NATO-nun Baltik Hava Nəzarəti missiyasının tərkibində “Eurofighter Typhoon”lardan istifadə edərək Rusiya HHQ-yə aid təyyarələrin qarşısını alıb.

“Eurofighter Typhoon” qırıcısının qanad açıqlığı 10.95 metr, uzunluğu 15.96 metr və hündürlüyü 5.28 metrdir. Boş çəkisi 11 ton, maksimum qalxış ağırlığı isə 23.5 ton təşkil edir. İki mühərrikli təyyarənin hər mühərriki üçün maksimum itələmə gücü 9.2 ton (90 kN) təşkil edir ki, bu da ona maksimum 2.35 Mach (2495 km/saat) sürətlə uçmaq imkanı verir. Qırıcının döyüş radiusu 1389 km, uçuş məsafəsi 3790 km (üç ədəd əlavə yanacaq çəni ilə) və xidmət tavanı 16764 metrdir.

Ümumilikdə 13 ədəd asqı nöqtəsinə sahib olan “Eurofighter Typhoon”, 9000 kq döyüş yükü daşımaq imkanına malikdir. Onun silahlanmasına 27 mm-lik “Mauser” BK-27 topu, aviasiya bombaları, “hava-hava” və “hava-yer” tipli raketlər daxildir.

 

Seçilən
37
poliqon.az

1Mənbələr